
ABŞ “LUKOIL”un xarici aktivlərinin satış müddətini yenidən uzadıb
Fins.az - ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “LUKOIL” şirkətinin beynəlxalq aktivlərinin satışı ilə bağlı müddəti yenidən uzadıb.
Məlumata görə, mayın 1-də başa çatmalı olan lisenziyanın qüvvəsi 30 maya qədər artırılıb. Bu lisenziya şirkətə LUKOIL International GmbH və ya onun nəzarətində olan digər qurumların satışı ilə bağlı danışıqlar aparmağa və şərti razılaşmalar bağlamağa imkan verir.
Bununla belə, hər hansı satış əməliyyatının həyata keçirilməsi üçün OFAC-ın ayrıca icazəsi tələb olunur.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında “LUKOIL” və onun bir sıra törəmə şirkətləri sanksiya siyahısına daxil edilib. Bundan sonra şirkət xarici aktivlərini satmaq niyyətini açıqlayıb.
Şirkət əvvəlcə beynəlxalq treyder Gunvor-dan təklif alsa da, ABŞ tərəfinin razılığı olmadığından bu razılaşma baş tutmayıb. 2026-cı ilin yanvarında isə “LUKOIL” LUKOIL International GmbH-nin satışı ilə bağlı ABŞ-ın Carlyle investisiya şirkəti ilə razılaşma əldə edib. Hazırda bu müqavilə də OFAC-ın təsdiqini gözləyir.