27 İyun – Mikro, Kiçik və Orta Müəssisələr Günü: dünyanı dəyişən KOB-lar

27 İyun – Mikro, Kiçik və Orta Müəssisələr Günü: dünyanı dəyişən KOB-lar

BİZNES
205

Fins.az - Azərbaycanda sahibkarlıq subyektlərinin 99,7%-ni mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. Dünyada isə fəaliyyət göstərən hər 10 müəssisədən 9-u KOB-dur. 27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günündə KOB-ların iqtisadi artım, məşğulluq, innovasiya və dayanıqlı inkişafda oynadığı mühüm rol bir daha diqqət mərkəzinə gəlir.

BMT Baş Assambleyasının 2017-ci ildə qəbul etdiyi qətnamə ilə təsis olunmuş Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü KOB-ların iqtisadi inkişafın sürətləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına, innovasiyaların təşviqinə və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsinin artırılmasına diqqəti yönəltmək məqsədi daşıyır.

Hazırda dünyada fəaliyyət göstərən müəssisələrin təxminən 90%-ni KOB-lar təşkil edir. Onlar qlobal məşğulluğun 70%-dən çoxunu təmin edir və bir çox ölkələrdə yeni yaradılan iş yerlərinin əsas hissəsini formalaşdırırlar.

Rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və texnoloji yeniliklərin biznes mühitini sürətlə dəyişdiyi bir dövrdə KOB-lar çevikliyi, yeniliklərə operativ uyğunlaşma qabiliyyəti və innovasiya potensialı ilə iqtisadiyyatın ən dinamik seqmentlərindən biri kimi çıxış edir. Azərbaycanda da KOB-lar iqtisadiyyatın əsas sütunlarından biridir. Onlar əsasən ticarət, nəqliyyat və anbar təsərrüfatı, turizm, ictimai iaşə, sənaye, daşınmaz əmlak, təhsil və digər sahələrdə fəaliyyət göstərərək ölkənin iqtisadi fəallığının artırılmasına, məşğulluğun təmin edilməsinə və qeyri-neft sektorunun inkişafına töhfə verirlər.

Ölkə sahibkarları, xüsusilə KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni KOB-ların yaradılmasını və mövcud bizneslərin inkişafını müxtəlif dəstək mexanizmləri və alətləri vasitəsilə təşviq edir. Belə ki, 2018-2025-ci illərdə KOBİA tərəfindən:

·            Hazırda 5 KOB evi (Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərləri) və 1 xidmət mərkəzi (Xaçmaz rayonunun Xudat şəhəri) fəaliyyət göstərir. Müvafiq dövrdə KOB evlərində sahibkarlara 1,5 milyona yaxın xidmət təqdim edilib;

·            56 “KOB dostu” ofisi fəaliyyət göstərir;

·            129 layihəyə 2,2 mln. manatdan çox qrant ayrılıb;

·            247 “Startap” şəhadətnaməsi verilib;

·            82 sərgi və yarmarkada 2000-dək KOB-un iştirakı dəstəklənib;

·            140-dək KOB-un ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib;

·            70 daxili bazar araşdırması aparılıb;

·            5200-dən çox ödənişsiz təlim keçirilib;

·            93000 saatdan çox ödənişsiz məsləhət xidməti göstərilib;

·            2800-ə yaxın biznes plan hazırlanıb;

·            3 kommersiya hüquqi şəxsə KOB klaster şirkətinin şəhadətnaməsi verilib;

·            700-dən çox sahəvi görüş, maarifləndirmə tədbiri və ictimai müzakirələr təşkil olunub.

Bu dəstək mexanizmləri nəticəsində minlərlə sahibkarın biznes qurmasına və fəaliyyətini genişləndirməsinə, yeni məhsul və xidmətlərin yaranmasına və bazara çıxarılmasına, məşğulluğun artmasına töhfə verilib.

KOB-ların inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması və dayanıqlı iqtisadi artımın təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bu baxımdan KOB-ların dəstəklənməsi iqtisadi siyasətin prioritetlərindən biri olaraq qalır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
27 İyun – Mikro, Kiçik və Orta Müəssisələr Günü: dünyanı dəyişən KOB-lar — Fins.az — Fins.az