
2026-cı ildə qlobal neft təchizatı OPEC+ qərarından asılı olacaq - BEA
OPEC+ ölkələri mövcud istehsal razılaşmasını qüvvədə saxlayacağı halda, 2026-cı ildə qlobal neft təchizatının gündəlik 2,4 milyon barel artacağı gözlənilir.
Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilir.
Məlumata görə, təchizat artımının OPEC+ və qeyri-OPEC+ ölkələri arasında təxminən bərabər bölünəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, iqtisadi qeyri-müəyyənlik və yüksək neft qiymətləri səbəbindən 2026-cı il üzrə qlobal neft tələbatının artım proqnozu gündəlik 850 min barel səviyyəsinə qədər azaldılıb. Artımın əsas hissəsinin isə yenə qeyri-OECD ölkələrinin payına düşəcəyi bildirilir.
Hesabatda qeyd olunur ki, Çin hər iki ildə təxminən gündəlik 200 min barel artımla qlobal tələbat artımına ən böyük töhfə verən ölkə olaraq qalacaq. Lakin bu göstərici son on ilin orta artım tempindən xeyli aşağı qiymətləndirilir.
Agentliyin məlumatına görə, təklifin tələbi üstələməsi nəticəsində qlobal neft ehtiyatları 2025-ci ildə 477 milyon barel artaraq 2020-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Təkcə dekabr ayında ehtiyatlar əlavə 37 milyon barel yüksəlib.
Eyni zamanda, ötən il Çinin xam neft ehtiyatları 111 milyon barel, dənizdə saxlanılan neft həcmi isə 248 milyon barel artıb və bunun 72%-i sanksiyalı neft olub. ABŞ-də isə maye qaz (NGL) ehtiyatları 49 milyon barel artıb.
Bununla belə, əsas qiymət mərkəzlərində xam neft ehtiyatlarının nisbətən məhdud qalması qiymətlər üçün müəyyən dəstək yaradır. Qlobal emal fəaliyyətinin mövsümi azalması və təchizatın bərpası fonunda Atlantik hövzəsində artıq neftin bazara tam daxil olacağı vaxtın hələ də qeyri-müəyyən olduğu qeyd edilir.
Fuad Mədətov
Fins.az