
2026-cı ildə neft tələbatı 640 min barel/gün səviyyəsinə endirilib - BEA
2026-cı ilin mart və aprel ayları üçün qlobal neft tələbatının artımı proqnozu orta hesabla gündəlik 1 milyon bareldən çox azaldılıb.
Fins.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına görə, 2026-cı il üzrə tələbat proqnozu gündəlik 210 min barel azaldılaraq 640 min barel səviyyəsinə endirilib.
Hesabatda bildirilir ki, istehlakçı ölkələr müvəqqəti təchizat itkisini kompensasiya etmək üçün kifayət qədər neft ehtiyatlarına malikdir. Hazırda qlobal ehtiyatlar 8,2 milyard bareldən çoxdur ki, bu da 2021-ci ilin fevralından bəri ən yüksək göstəricidir. Ehtiyatların təxminən yarısı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində yerləşir: 1,25 milyard barel hökumətlərin fövqəladə ehtiyatları, əlavə 600 milyon barel isə sənaye ehtiyatlarıdır.
Hesabat həmçinin vurğulayır ki, qlobal neft bazarı Yaxın Şərqdəki münaqişənin təsirləri ilə üzləşir. Regionda enerji infrastrukturuna birbaşa ziyan vurulub və Hörmüz boğazından tanker hərəkəti demək olar ki, tam dayanıb. Hazırda gündəlik təxminən 20 milyon barel xam neft və məhsul ixracı pozulub. Alternativ marşrutların məhdudluğu həm istehsalçılara, həm də istehlakçılara ciddi təsir göstərir.
Müharibə başlayandan sonra benchmark neft qiymətləri 20 dollar/barel artaraq 92 dollar/barel səviyyəsinə çatıb, məhsul bazarlarında isə qiymət artımı daha da böyükdür.
Fuad Mədətov
Fins.az