
Dünyada kriptovalyuta sahiblərinin sayı 741 milyona çatıb
Fins.az - Dünyada kriptovalyutaya sahib olan insanların sayı son doqquz ildə kəskin artaraq 741 milyona çatıb. Bu barədə Binance-in doqquz illik fəaliyyəti ilə bağlı açıqladığı göstəricilərdə qeyd olunur.
Məlumata görə, 2017-ci ildə kriptovalyuta sahiblərinin sayı 6 milyondan az olduğu halda, hazırda bu göstərici 741 milyonu ötüb. Şirkət bildirir ki, platformanın qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 323 milyona çatıb və bu, dünyadakı kriptovalyuta sahiblərinin təxminən 43%-nə uyğundur.
Açıqlamaya əsasən, Binance-in fəaliyyəti dövründə ümumi ticarət həcmi 156 trilyon ABŞ dollarını ötüb. Təkcə 2026-cı ilin ilk altı ayında platformada 11,4 trilyon ABŞ dolları həcmində ticarət həyata keçirilib.
Şirkətin məlumatına görə, 2026-cı ilin ilk yarısında institusional istifadəçilərin sayı 9%, platformada əlçatan kriptovalyutaların sayı 11%, ticarət cütlərinin sayı isə 3% artıb.
Binance son aylarda məhsul çeşidini genişləndirərək rəqəmsal aktivlərlə yanaşı, səhmlər, ETF-lər və IPO-dan əvvəl şirkətlərin səhmləri üzrə müddətsiz müqavilələri də platformaya əlavə edib. Bildirilir ki, 2026-cı ilin mart ayından bu məhsullar üzrə aylıq ticarət həcmi 80 milyard ABŞ dollarını ötür.
Şirkətin təqdim etdiyi statistikaya görə, iyun ayında istifadəyə verilən səhm ticarəti xidməti qısa müddətdə idarəetmədə olan aktivlərin həcmini (AUM) 1 milyard ABŞ dollarına, ümumi ticarət həcmini isə 3 milyard ABŞ dollarına çatdırıb. ABŞ şirkətlərinin səhmləri ilə təmin olunan tokenləşdirilmiş bStocks məhsullarında isə istifadəyə verildikdən iki həftə sonra AUM 100 milyon ABŞ dollarını keçib.
Binance rəhbərliyi bildirir ki, şirkət uzunmüddətli strategiya çərçivəsində ticarət, ödəniş, yığım alətləri və qlobal maliyyə bazarlarına çıxışı vahid platformada birləşdirən maliyyə ekosistemini genişləndirməyi və gələcəkdə istifadəçi bazasını 3 milyard nəfərə çatdırmağı hədəfləyir.