
Bakı Fond Birjası və Qarabağ Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Fins.az - 23 iyun 2026-cı il tarixində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Bakı Fond Birjası ilə Qarabağ Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi kapital bazarları sahəsində təhsil, təcrübə proqramları və birgə layihələrin həyata keçirilməsi istiqamətində tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsidir.
Qeyd edək ki, ötən il ərzində Bakı Fond Birjası və Qarabağ Universiteti arasında qurulmuş əməkdaşlıq çərçivəsində təlim və maarifləndirmə proqramlarının icrasına başlanılıb, tələbələrin kapital bazarları sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirilib.
Qarabağa təşkil olunan səfər çərçivəsində Bakı Fond Birjasının əməkdaşları tərəfindən universitet tələbələri üçün kapital bazarları və investisiya mövzusunda növbəti maarifləndirici seminar keçirilib. Seminar zamanı iştirakçılara fond bazarının fəaliyyəti, investisiya imkanları və maliyyə savadlılığı ilə bağlı məlumat verilib, mövzu ətrafında interaktiv müzakirələr aparılıb.
Bakı Fond Birjası və Qarabağ Universiteti arasında qurulan əməkdaşlığın gələcək dövrdə də davam etdirilməsi, tələbələrin peşəkar inkişafına dəstək göstərilməsi və kapital bazarları sahəsində bilik və bacarıqlarının artırılmasına töhfə verilməsi nəzərdə tutulur.