
Azeri Light neftinin qiyməti Yaxın Şərq münaqişəsi fonunda maksimuma yüksəlib
Fins.az - Dünya bazarında Azərbaycan neftinin “Azeri Light” markasının qiyməti 2,99 dollar və ya 2,46% artaraq 124,24 dollara çatıb.
Son bir ayda, Yaxın Şərqdə başlayan hərbi münaqişə fonunda Azeri Light neftinin qiyməti maksimum səviyyəyə yüksələrək 70,8% (51,5 dollar) artım göstərib.
Ticarət sessiyasının yekunlarına əsasən, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 120,51 dollar olub. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light neftinin bir barelinin qiyməti isə 3,03 dollar (2,64%) artaraq 117,44 dollara çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin baza qiyməti 65 dollar səviyyəsində götürülüb.
Xatırladaq ki, Azeri Light neftinin minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir və bu layihədə SOCAR-ın payı 31,655% təşkil edir.