
Azərbaycanda korporativ istiqrazların kreditlərdə payı artıb
2025-ci il ərzində Azərbaycanda orta depozit faiz dərəcələrində azalma müşahidə olunub. Bank sektorunda faiz dinamikası pul siyasətinin yumşaldılması fonunda dəyişib.
Fins.az “Bakı Fond Birjası” QSC-nin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin oktyabrında 8.7% olan orta depozit faizləri 2025-ci ilin dekabrında 6.5%-ə enib. Bu dəyişiklik bank sistemində maliyyələşmə xərclərinin azaldığını göstərir.
Məlumata görə, kredit faizləri isə yüksək səviyyədə qalmaqda davam edib və 2025-ci ilin dekabrında 18.69% təşkil edib. Bu isə maliyyələşmə xərclərindəki azalmanın kredit qiymətlərinə tam ötürülmədiyini göstərir.
Kapital bazarında isə korporativ və dövlət müəssisələrinin istiqraz yerləşdirmələri üzrə orta çəkili borcalma dərəcəsi 12.5% olub. Bu göstərici 3 illik dövlət istiqrazlarının orta gəlirliliyi olan 7.6%-dən yüksəkdir.
Açıqlamada qeyd edilir ki, daha yüksək borcalma dərəcələri əsasən bazarda risk mükafatlarının artması və bank olmayan kredit təşkilatlarının daha aktiv iştirakı ilə bağlıdır.
Eyni zamanda, korporativ istiqrazların ümumi kreditləşmədə payı 2023-cü ildəki 6.5%-dən 2025-ci ildə 10.1%-ə yüksəlib. Bu da kapital bazarlarının korporativ maliyyələşmədə rolunun tədricən artdığını göstərir.
Bank kreditləri hələ də əsas maliyyələşmə mənbəyi olaraq qalır, lakin bazar əsaslı maliyyə alətlərinə çıxışın genişlənməsi müşahidə olunur.