“Yelo Bank” kifayət qədər dayanıqlıdır - Taleh Kazımov
Azərbaycan Mərkəzi Bankı (AMB) “Yelo Bank” ASC-nin Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil edilməsi ilə bağlı müvafiq instansiyalara müraciət edib.
Fins.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, “Yelo Bank”ın adı artıq bir müddətdir ki, Aİ-nin 20-ci sanksiya paketində yer alır və məsələ daim diqqətdə saxlanılır.
“Sözsüz ki, biz bankla daim kontaktdayıq. Burada hər hansısa bir problem görmürük. Bank kifayət qədər dayanıqlıdır. Həm likvidlik, həm kapital adekvatlılığı nöqteyi-nəzərdən bank dayanıqlıdır. Yəni bizim bankla bağlı hər hansı mənfi gözləntilərimiz yoxdur”, – deyə Taleh Kazımov bildirib.
AMB sədri qeyd edib ki, tətbiq olunan sanksiyalar müəyyən ödəniş əməliyyatlarında çətinlik yarada bilər. Bu səbəbdən həm “Yelo Bank”, həm də Mərkəzi Bank tərəfindən ayrı-ayrılıqda aidiyyəti instansiyalara müraciətlər edilir.
“Ümid edirik ki, növbəti aylarda Avropa İttifaqı öz qərarını dəyişdirəcək. Çünki hər hansısa bir səbəb yoxdur. Bank həm beynəlxalq standartlara, həm ölkənin daxili qanunlarına uyğun fəaliyyət göstərir. Yəqin ki, Aİ-nin qərarında hansısa bir anlaşılmazlıq var”, – deyə sədr vurğulayıb.