
Yaxın Şərq gərginliyi Azərbaycan idxal inflyasiyasını yüksəldə bilər - ING Group
Azərbaycanın idxalının təxminən yarısı Yaxın Şərqdəki vəziyyətlə bağlı inflyasiya risklərinə məruz qalır.
Fins.az xəbər verir ki, bu barədə Niderlandın "ING Group" şirkətinin hesabatında bildirilib.
Hesabata görə, 2025-ci ilin əvvəlindən inflyasiya 5–6% diapazonunda qalır. İstehlak qiymətləri həm daxili tarif artımları, həm də idxal olunan məhsulların qiymət artımı səbəbindən risk altındadır. Dünya ərzaq qiymətlərinin 10% artımı inflyasiya səviyyəsinə təxminən 1,5 faiz bəndi əlavə edə bilər.
ING analitikləri bildirirlər ki, ölkənin pul-kredit siyasətinin daha da yumşaldılması üçün imkanlar məhduddur. 2026-cı ilin yanvarında Azərbaycan Mərkəzi Bankı inflyasiyanın hədəf diapazonunu əsas gətirərək uçot dərəcəsini 25 baza bəndi azaldıb və 6,50%-ə endirib. Lakin yüksək dollarlaşma və ərzaq idxalı xərcləri faiz dərəcələrinin daha da endirilməsini çətinləşdirir.
Hesabatda həmçinin vurğulanır ki, son aylarda Yaxın Şərqdəki gərginlik, İranın nüvə proqramı ilə bağlı qarşıdurmalar və ABŞ-İsrail hərbi hücumları region enerji infrastrukturuna və dəniz nəqliyyatına risk yaradıb. Hörmüz boğazındakı təhlükəsizlik gərginliyi neft qiymətlərinin kəskin artmasına səbəb olub və bu, Azərbaycanın idxal inflyasiyasına əlavə təzyiq göstərir.