
Türk dövlətlərinin bank aktivləri 1,2 trilyon dollara yaxınlaşır - Vüsal Qasımlı
Türk dövlətlərinin maliyyə-bank sektorunda mövcud potensialın trilyonlarla dollar həcmində qiymətləndirildiyi açıqlanıb.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə məlumat verib.
Onun sözlərinə görə, Türk dövlətləri maliyyə-bank sektorunda regionun iqtisadi inteqrasiyasının əsas hərəkətverici qüvvəsinə çevrilə biləcək əhəmiyyətli reallaşdırılmamış potensiala malikdir.
V.Qasımlı bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məcmu ÜDM-i 2,1 trilyon ABŞ dollarını ötüb. Bu göstərici dünya iqtisadiyyatının təxminən 3 faizinə bərabərdir. O qeyd edib ki, ötən il təşkilata üzv ölkələrdə orta iqtisadi artım tempi 6 faizdən yüksək olub. Ayrı-ayrı ölkələr üzrə isə daha yüksək nəticələr qeydə alınıb. Belə ki, Qırğızıstanda iqtisadi artım 11 faizdən çox, Özbəkistanda 7 faizdən çox, Qazaxıstanda isə 5 faizdən çox olub.
İcraçı direktorun sözlərinə görə, regionda bank aktivlərinin məcmu həcmi 1,2 trilyon dollara yaxınlaşsa da, onların qlobal payı cəmi 0,8 faiz təşkil edir. Bu isə regionun iqtisadi çəkisi ilə maliyyə sisteminin inkişaf səviyyəsi arasında ciddi fərqin mövcud olduğunu göstərir.
O əlavə edib ki, Türk dünyası ölkələrində əmanətlərin həcmi ötən il təxminən 670 milyard dollara çatıb ki, bu da qlobal göstəricinin 2,3 faizinə bərabərdir.
V.Qasımlının qiymətləndirməsinə görə, əmanətlərlə bank aktivləri arasındakı fərq bir neçə amillə bağlıdır. Bunlara kapitalın müəyyən hissəsinin xaricə yönəlməsi, daxili maliyyə bazarlarının kifayət qədər inkişaf etməməsi, həmçinin vəsaitlərin suveren fondlarda, o cümlədən Azərbaycan və Qazaxıstanda cəmləşdirilməsi daxildir.
O vurğulayıb ki, əsas məqsəd region daxilində daha çox kapitalın saxlanılması və həmin vəsaitlərin Türk dünyası ölkələrinin inkişafına yönəldilməsidir.