
Taleh Kazımov nəqliyyat ödənişlərində gecikmiş balans çıxılmasını izah edib
Azərbaycan Mərkəzi Bankı (AMB) ictimai nəqliyyatda kartla ödəniş zamanı sonradan balansdan vəsaitin çıxılması hallarının sistemin iş prinsipi ilə bağlı olduğunu açıqlayıb.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, nəqliyyatda istifadə olunan terminallar əksər hallarda oflayn rejimdə işləyir və ödəniş zamanı kart balansını real vaxtda yoxlaya bilmir.
“Terminal ödənişi qəbul edir, o, oflayn çalışır. Ödəniş ediləndə o bilmir ki, kartda pul var, ya yox”, – deyə Kazımov bildirib.
O qeyd edib ki, bu səbəbdən kartda kifayət qədər vəsait olmasa belə sistem sərnişinə keçid imkanı yaradır və borc kimi qeydiyyat aparır.
AMB sədri əlavə edib ki, daha sonra sistem kart balansını yoxlayır və vəsait daxil olduqda həmin məbləğ avtomatik çıxılır.
T.Kazımov vurğulayıb ki, əgər istifadəçilər əlavə və ya səhv çıxılma halları ilə qarşılaşırsa, bu, araşdırılmalı texniki məsələdir və banklar tərəfindən vəsaitin geri qaytarılması mümkündür.
O bildirib ki, bu texniki mexanizm beynəlxalq ödəniş sistemlərində də geniş tətbiq olunur və əsasən Visa və Mastercard infrastrukturu ilə bağlıdır.