SWIFT qlobal rəqəmsal transformasiyaya uyğun infrastrukturunu yeniləyir

SWIFT qlobal rəqəmsal transformasiyaya uyğun infrastrukturunu yeniləyir

BANK
277

Beynəlxalq banklararası ödəniş sistemi olan SWIFT qlobal maliyyə bazarlarında baş verən rəqəmsal transformasiyaya uyğun olaraq öz infrastrukturunu təkmilləşdirir.

Fins.az xəbər verir ki, bunu SWIFT-in Türkiyə, Qafqaz və Mərkəzi Asiya üzrə rəhbəri Hikmət Can Yılmazsoy Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, müasir maliyyə sisteminin əsas hədəflərindən biri müxtəlif ölkələr, sistemlər və tənzimləyici çərçivələr arasında təhlükəsiz və 24/7 rejimində rəqəmsal aktiv axınının təmin edilməsidir.

H.C.Yılmazsoy qeyd edib ki, yeni infrastruktur müxtəlif qurumlar, valyuta növləri və aktiv tipləri arasında hesablaşmaların daha effektiv həyata keçirilməsinə və likvidliyin daha səmərəli idarə olunmasına imkan yaradacaq.

SWIFT rəsmisi bildirib ki, gələcəyin ödəniş sistemləri mövcud infrastrukturla paralel şəkildə inkişaf etdirilir.

Onun sözlərinə görə, hazırda SWIFT sistemi dünya üzrə 11 500-dən çox qurum tərəfindən istifadə olunur və yeni həllər bu geniş ekosistem üzərində qurulur.

H.C.Yılmazsoy qeyd edib ki, əsas məqsəd mövcud qlobal standartlar və illərin təcrübəsi əsasında daha çevik və inteqrasiya olunmuş ödəniş mühiti formalaşdırmaqdır.

O çıxışında beynəlxalq ödənişlərin yerli ödənişlər kimi anlıq, fasiləsiz və daha şəffaf şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

SWIFT rəsmisi xatırladıb ki, 2020-ci ildə G20 çərçivəsində müəyyən edilən hədəflər ödəniş sistemlərinin inkişafı üçün əsas yol xəritəsini təşkil edir.

Bu hədəflər sürət, şəffaflıq, əlçatanlıq və xərclərin azaldılması kimi əsas prinsiplərə əsaslanır.

H.C.Yılmazsoy həmçinin SWIFT-in qiymət siyasətində yeni yanaşmalar tətbiq etdiyini qeyd edib.

Onun sözlərinə görə, qurum əvvəllər qiymət tənzimlənməsini əsasən bankların daxili məsələsi kimi qiymətləndirirdisə, indi daha geniş iqtisadi modellər üzərində işləyir.

O bildirib ki, yeni yanaşma çərçivəsində banklararası ödəniş xərclərinin azaldılması məqsədilə tövsiyə xarakterli modellər hazırlanır və bu istiqamətdə işlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SWIFT qlobal rəqəmsal transformasiyaya uyğun infrastrukturunu yeniləyir — Fins.az — Fins.az