Supermarket və yanacaqdoldurma üzrə interçeynç haqları açıqlanıb - AMB

Supermarket və yanacaqdoldurma üzrə interçeynç haqları açıqlanıb - AMB

BANK
294

Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeynç xidmət haqlarının yuxarı həddini təsdiqləyib. Bu barədə qərar AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov tərəfindən imzalanıb.

Qərara əsasən, ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatlarda müxtəlif MCC kateqoriyaları üzrə interçeynç xidmət haqlarına yuxarı limitlər müəyyən edilib. Belə ki, “Drug Stores and Pharmacies” və “Grocery Stores and Supermarket” kateqoriyalarında bu göstərici 1,25%, “Petrol” kateqoriyasında 0,75%, “General” kateqoriyasında isə 1,5% səviyyəsində təsdiqlənib. Digər MCC kodlar üzrə isə yuxarı hədd tətbiq edilmir. Qərarın 1 iyundan qüvvəyə minəcəyi bildirilib və sənədin 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

Fins.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib ki, yeni interçeynç xidmət haqları təsərrüfat subyektlərinin xərclərinin azalmasına təsir göstərəcək.

Onun sözlərinə görə, əvvəlki göstəricilərlə müqayisədə bəzi kateqoriyalarda, xüsusilə ən yüksək kateqoriyada 0,25 faiz bəndi azalma qeydə alınıb. Bu dəyişiklik banklara əməliyyat xərclərini optimallaşdırmağa və bizneslərə daha aşağı xidmət haqları təklif etməyə imkan verəcək.

Qeyd edilib ki, bu yanaşma nağdsız ödənişlərin genişlənməsinə və təsərrüfat subyektləri üçün xidmət haqlarının azalmasına şərait yaradacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Supermarket və yanacaqdoldurma üzrə interçeynç haqları açıqlanıb - AMB — Fins.az — Fins.az