
Sığorta və investisiya şirkətləri Açıq Maliyyə sisteminə qoşula bilər - AMB
Azərbaycanda bank olmayan hüquqi şəxslər üçün “Açıq Bankçılıq” infrastrukturunun yaradılması və ən azı bir neçə qeyri-bank təşkilatının həmin sistemə qoşulması planlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.
Onun sözlərinə görə, hazırda bir təşkilatın bank hesabları internet-bankçılıq və ya mobil bankçılıq tətbiqi vasitəsilə digər platformalara inteqrasiya oluna bilir. Növbəti strateji dövrdə isə hüquqi şəxslərin təkcə hesabları izləməsi deyil, həm də həmin hesablar üzərindən birbaşa əməliyyatlar aparması nəzərdə tutulur.
Qeyd olunub ki, ekosistemin genişləndirilməsi əsas prioritetlərdən biridir və təkcə banklar və fintex şirkətləri deyil, sığorta və investisiya təşkilatları kimi digər maliyyə qurumlarının da sistemə qoşulması planlaşdırılır. Bu yanaşma “Açıq Maliyyə” (Open Finance) çərçivəsində inkişaf etdirilir.
AMB rəsmisinin sözlərinə görə, Açıq Bankçılıq olmadıqda kart ödənişləri Visa və Mastercard kimi beynəlxalq kart təşkilatları və prosessinq mərkəzləri vasitəsilə həyata keçirilir və bu da əlavə xərclər yaradır. Lakin Açıq Bankçılıq çərçivəsində ödənişlər birbaşa hesabdan-hesaba köçürmə formatında icra olunur və üçüncü tərəflərin iştirakı minimuma enir.
Bunun nəticəsində ticarətçilər üçün ekvayrinq xərclərinin azalması mümkündür. Növbəti strateji mərhələdə əsas məqsədlərdən biri də Payment Initiation Service (PIS) funksionallığının daha geniş tətbiqi və ödəniş xərclərinin optimallaşdırılmasıdır.