
Rusiya Azərbaycana birbaşa investisiyaların həcmini 14,3% artırıb
2025-ci ildə Rusiya Federasiyasından Azərbaycana birbaşa investisiyaların həcmi 267,8 milyon ABŞ dolları təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 33,5 milyon dollar və ya 14,3% çoxdur. Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyadan gələn sərmayələrin payı 4,1% təşkil edib.
Öz növbəsində, Azərbaycan 2025-ci ildə Rusiya iqtisadiyyatına 52,8 milyon dollar sərmayə yatırıb. Bu, əvvəlki il ilə müqayisədə 34,2 milyon dollar və ya 2,8 dəfə çoxdur. Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandan Rusiyaya yönəldilən sərmayələrin xüsusi çəkisi 2,1% təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə Rusiyadan Azərbaycana birbaşa investisiyaların həcmi 234,3 milyon dollar, əks istiqamətdə isə 18,6 milyon dollar olmuşdu.
2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub ki, bu da 2024-cü ilə nisbətən 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir. Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü illə müqayisədə 765,4 milyon dollar və ya 43,4% çoxdur.