Risk idarəetməsi bank və fintexlər tərəfindən birgə aparılmalıdır - Bank of Baku rəsmisi

Risk idarəetməsi bank və fintexlər tərəfindən birgə aparılmalıdır - Bank of Baku rəsmisi

BANK
237

PCI-DSS tələblərinin milli qanunvericiliyə uyğunlaşdırılması zərurət kimi qiymətləndirilir.

Fins.az xəbər verir ki, bunu “Bank of Baku”nun Ödəniş Sistemləri Departamentinin direktor müavini Tamerlan Rüstəmov Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı beynəlxalq tədbirin ikinci günündə çıxışı zamanı bildirib.

O qeyd edib ki, rəqəmsal ödəniş platformalarının inkişafında əsas problemlərdən biri fırıldaqçılıq risklərinin artması və bunun maliyyə xidmətlərinin maya dəyərinə birbaşa təsir göstərməsidir.

T.Rüstəmovun sözlərinə görə, ödəniş xidməti təchizatçıları fırıldaqçılığa qarşı ciddi maliyyə vəsaitləri xərcləyir və bu xərclər nəticə etibarilə xidmətlərin qiymətinə təsir göstərir. O əlavə edib ki, digər vacib məsələ istifadəçilərin inam və etimadının qorunmasıdır, çünki maliyyə inklüzivliyinin inkişafı üçün yalnız bank xidmətlərinə çıxış deyil, həm də sistemə etimadın təmin olunması vacibdir.

Direktor müavini bildirib ki, Beynəlxalq Hesablaşmalar Bankının müəyyən etdiyi prinsiplərə əsasən, hər bir ölkədə rəqəmsal ödəniş ekosistemi üzrə fırıldaqçılığa qarşı risk idarəetmə çərçivəsi formalaşdırılmalıdır. Onun sözlərinə görə, əməliyyat riskləri daxilində fırıldaqçılıq riskləri ayrıca qiymətləndirilir və bu istiqamətdə banklar üçün müvafiq tövsiyələr hazırlanır.

O qeyd edib ki, risk idarəetmə çərçivəsinə Mərkəzi Bank, kommersiya bankları və fintex şirkətləri birlikdə yanaşmalıdır. T.Rüstəmov vurğulayıb ki, son dövrlərdə aktiv müzakirə olunan PCI-DSS standartları bu baxımdan xüsusi əhəmiyyət daşıyır və ödəniş kartı məlumatlarının qorunması ilə bağlı bu tələblərin tətbiqi zamanı ekosistemin düzgün qiymətləndirilməsi və milli qanunvericiliyə uyğunlaşdırılması vacibdir.

Onun sözlərinə görə, bəzi hallarda əlavə təhlükəsizlik tələbləri maliyyə institutları üçün əlavə xərc yarada bilər və buna görə də risklərin qiymətləndirilməsi əsasında uyğun mexanizmlərin müəyyən olunması zəruridir.

T.Rüstəmov həmçinin bildirib ki, limitlərin tətbiqi fırıldaqçılıqla mübarizədə mühüm alətlərdən biridir. O qeyd edib ki, bu yanaşma yeni deyil və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində uzun illərdir 40 min manat limit tətbiq olunur, bu isə card-to-card əməliyyatlar və digər köçürmələrdə risklərin azaldılmasında mühüm rol oynayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Risk idarəetməsi bank və fintexlər tərəfindən birgə aparılmalıdır - Bank of Baku rəsmisi — Fins.az — Fins.az