Pensiya və maaş ödənişlərində bank seçimi sərbəstləşir - AMB

Pensiya və maaş ödənişlərində bank seçimi sərbəstləşir - AMB

BANK
294

Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə sərhədlərarası ödənişlərin təşkili istiqamətində aktiv müzakirələr aparır və müxtəlif inteqrasiya modelləri və əməkdaşlıq mexanizmlərini nəzərdən keçirir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Böyük proqram təminatı mühəndisi və Ödəniş sistemlərinin inzibatçısı Tofiq Acırqayev Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı bildirib.

Mərkəzi Bank rəsmisi qurum tərəfindən icra olunan iki əsas layihə barədə məlumat verib.

Onun sözlərinə görə, birinci layihə pensiya, əməkhaqqı və sosial ödənişlərin paylanması zamanı vətəndaşlara bank seçimi üzrə sərbəstliyin təmin edilməsini nəzərdə tutur.

T.Acırqayev bildirib ki, bu modul məcburi xarakter daşımır və əsas məqsəd vəsait alan şəxslərə alternativ bank seçimi imkanlarının yaradılmasıdır.

O qeyd edib ki, bu yanaşma bankların pensiyaçılara təqdim etdiyi xidmət paketlərinin və nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirlərinin genişlənməsinə şərait yaradacaq.

AMB rəsmisinin sözlərinə görə, layihənin ilkin mərhələsində əməkhaqqı ödənişləri, növbəti mərhələlərdə isə pensiya və sosial müavinətlərin icrası Ani Ödənişlər Sistemi (AÖS) üzərindən həyata keçiriləcək.

O əlavə edib ki, AÖS-ə inteqrasiya olunmuş təşkilatlar üçün limitli toplu (bulk) ödənişlərin funksionallığı yenilənəcək və əməliyyat limiti artırılacaq. Beləliklə, bir əməliyyat daxilində 100-dən çox ödənişin icrası mümkün olacaq.

Çıxışında qlobal ödəniş trendlərinə də toxunan T.Acırqayev bildirib ki, hazırda əsas fokus sərhədlərarası ödənişlərin sürətlənməsi və daha əlçatan hala gətirilməsidir.

O qeyd edib ki, bu istiqamət G20 ölkələrinin prioritetləri sırasında yer alır və əsas məqsəd ödənişlərin daha sürətli, ucuz, şəffaf və təhlükəsiz həyata keçirilməsidir.

Mərkəzi Bank rəsmisi dünyada ikitərəfli və çoxtərəfli inteqrasiya modellərinin tətbiq olunduğunu, o cümlədən Sinqapur–Tayland, Hindistan–Malayziya kimi nümunələri xatırladıb.

T.Acırqayev bildirib ki, hazırda daha geniş miqyaslı inteqrasiya modellərinə keçid mərhələsi müşahidə olunur və Project Nexus kimi təşəbbüslər bu prosesdə mühüm rol oynayır.

Onun sözlərinə görə, Azərbaycan da bu qlobal transformasiyadan kənarda qalmamaq üçün addımlar atır və Ani Ödənişlər Sisteminin ISO 20022 standartlarına keçidi bu istiqamətdə mühüm baza yaradır.

Rəsmisi əlavə edib ki, hazırda Türkiyə və BƏƏ ilə sərhədlərarası ödənişlərin təşkili üzrə müzakirələr davam edir və müxtəlif texniki inteqrasiya modelləri araşdırılır.

O vurğulayıb ki, bu layihənin əsas məqsədi vətəndaşlar və biznes üçün daha sürətli, təhlükəsiz və səmərəli beynəlxalq ödəniş imkanlarının yaradılmasıdır və bu addım Azərbaycanın rəqəmsal maliyyə ekosistemini daha da gücləndirəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pensiya və maaş ödənişlərində bank seçimi sərbəstləşir - AMB — Fins.az — Fins.az