
Orta gəlirli ölkələrdə tullantılar 1 milyard ton artacaq - Dünya Bankı
Baza ssenarisi üzrə dünyada tullantıların həcmi 2050-ci ilədək 50 faiz arta bilər.
Fins.az xəbər verir ki, bu barədə Dünya Bankı Qrupunun şəhərsalma məsələləri üzrə aparıcı mütəxəssisinin müavini Avqustin Pyer Mariya Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Dövrənin bağlanması: dairəvi iqtisadiyyata keçid yolunda tullantıların idarə edilməsinin inkişafı” mövzusunda sessiyada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Dünya Bankının “What a Waste 3.0” adlı yeni hesabatı tullantıların idarə olunması sahəsində əsas qlobal məlumat mənbələrindən biri hesab olunur. Avqustin Pyer Mariya qeyd edib ki, 2012-ci ildə əsası qoyulan və 2018-ci ildə davam etdirilən hesabatlar silsiləsinin üçüncü nəşri tullantıların idarə olunması sektorunda mövcud vəziyyəti və gələcək riskləri əks etdirir.
Ekspert bildirib ki, tullantıların həcmində ən böyük artım orta gəlirli ölkələrdə müşahidə olunacaq və bu artımın illik əlavə təxminən 1 milyard ton təşkil edəcəyi gözlənilir.
Onun sözlərinə görə, ən sürətli artım templəri isə aşağı gəlirli ölkələrdə, xüsusilə Saxaradan cənubda yerləşən Afrika ölkələri və Cənubi Asiya regionunda proqnozlaşdırılır. Avqustin Pyer Mariya vurğulayıb ki, həmin regionlar bu dəyişikliklərə ən az hazır olan ərazilər hesab olunur.
O qeyd edib ki, dünyada yaranan tullantıların təxminən üçdə biri ümumiyyətlə toplanmır və ya nəzarətsiz şəkildə ətrafa atılır. Digər üçdə biri poliqonlara göndərilir və yalnız üçdə biri təhlükəsiz şəkildə utilizasiya edilir.
Mütəxəssis əlavə edib ki, aşağı gəlirli ölkələrdə tullantıların toplanma səviyyəsi təxminən 28 faiz təşkil edir. Saxaradan cənubda yerləşən Afrika ölkələrində isə tullantıların cəmi 7 faizi təhlükəsiz şəkildə utilizasiya olunur.
Avqustin Pyer Mariya diqqətə çatdırıb ki, tullantılar antropogen emissiyaların təxminən 20 faizini təşkil edən metan qazının əsas mənbələrindən biridir. Onun sözlərinə görə, mövcud tendensiyalar dəyişməz qalarsa, tullantılardan yaranan metan emissiyaları 40 faiz arta bilər.
Qeyd edək ki, Bakıda keçirilən WUF13 çərçivəsində urbanizasiya, iqlim dəyişiklikləri, dairəvi iqtisadiyyat, yaşıl iqtisadiyyat və dayanıqlı şəhər inkişafı mövzularında müzakirələr davam edir.
Forumun proqramına “İqlim və mənzil əlaqəsi”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı”, “Təmiz hava”, “Şəhər iqlim irsi” və digər mövzularda panel sessiyalar və dialoqlar daxildir.
182 ölkədən 40 mindən çox iştirakçının qatıldığı WUF13 mayın 22-dək davam edir və dayanıqlı şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.