
Mənzil sektoru qlobal ÜDM-in 15 faizini formalaşdırır - Dünya Bankı
Mənzil siyasəti artıq təkcə sosial deyil, həm də iqtisadi inkişafın əsas komponentlərindən birinə çevrilib və investisiya axınlarının formalaşmasında mühüm rol oynayır.
Fins.az xəbər verir ki, bu barədə Minq Janq Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Mənzil – qlobal koalisiyaların mərkəzində” adlı sessiyada çıxışı zamanı bildirib.
Dünya Bankı rəsmisinin sözlərinə görə, mənzil sektoru qlobal iqtisadiyyatda mühüm paya malikdir və dünya ÜDM-nin təxminən 15 faizi bu sahəyə yatırımlar və istehlakla bağlı formalaşır.
O qeyd edib ki, mənzilin əlçatanlığı insanların məşğulluq imkanlarına birbaşa təsir göstərir, çünki bir çox vətəndaş iş yerlərinə yaxın ərazilərdə yaşamağa maddi imkan tapmır.
Minq Janq bildirib ki, Dünya Bankı mənzil sahəsində üç əsas istiqamət üzrə fəaliyyət göstərir: uzunmüddətli maliyyələşmənin genişləndirilməsi, siyasət islahatları vasitəsilə investisiya maneələrinin aradan qaldırılması və mənzil təklifinin artırılması üçün torpaq, infrastruktur və tikinti sektorunun inkişafı.
O həmçinin vurğulayıb ki, beynəlxalq maliyyə institutlarının resursları ilə yanaşı, özəl kapitalın səfərbər edilməsi xüsusi əhəmiyyət daşıyır.
Nümunə olaraq, rəsmisi Braziliyada həyata keçirilən birgə təşəbbüsü qeyd edib. Onun sözlərinə görə, Dünya Bankı və IFC-nin iştirakı ilə 400 milyon ABŞ dolları həcmində dövlət dəstəyi hesabına əlavə 3 milyard dollar investisiya cəlb olunub.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçirilir və forum çərçivəsində qlobal mənzil böhranı, urbanizasiya və dayanıqlı şəhər inkişafı məsələləri müzakirə olunur.