
İsveçrənin Azərbaycana investisiyaları 5 dəfədən çox artıb
2025-ci ildə İsveçrə-nin Azərbaycana birbaşa investisiyalarının həcmi 326,378 milyon ABŞ dolları təşkil edib.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 261,982 milyon dollar və ya 5,1 dəfə çoxdur.
Məlumata əsasən, hesabat ilində İsveçrədən Azərbaycana yönəldilən investisiyaların ümumi birbaşa xarici investisiyalar içində payı 4,9% təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə İsveçrənin Azərbaycana yatırdığı birbaşa investisiyaların ümumi həcmi 64,396 milyon ABŞ dolları olub.
Ümumilikdə, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir.
Eyni zamanda hesabat dövründə Azərbaycandan xarici ölkə iqtisadiyyatlarına yönəldilən birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 765,4 milyon dollar və ya 43,4% çoxdur.