Hotel və restoranlarda çoxvalyutalı ödəniş imkanı yaradılacaq – Cavid Quliyev
Azərbaycana gələn xarici turistlər yaxın gələcəkdə ödənişlərini öz milli valyutalarında və ya ABŞ dolları ilə həyata keçirə biləcəklər.
Fins.az xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Cavid Quliyev bankın 2025-ci ilin illik maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan vətəndaşları xaricdə manat kartları ilə ödəniş etdikdə onlara həmin ölkənin milli valyutası ilə yanaşı, manat və ya ABŞ dolları ilə ödəniş etmək imkanı təqdim olunur.
Cavid Quliyev qeyd edib ki, bank artıq eyni yanaşmanı Azərbaycanda da tətbiq etməyə çalışır.
Belə ki, BƏƏ, ABŞ, İngiltərə və Asiya ölkələrindən gələn turistlər Azərbaycanda hotel, restoran və digər turizm obyektlərində ödəniş edərkən “PAŞA Bank”ın POS terminalları vasitəsilə manatdan əlavə öz ölkələrinin milli valyutasında və ya ABŞ dolları ilə ödəniş edə biləcəklər.
Bank rəhbərinin sözlərinə görə, bu yenilik turistlər üçün ödəniş prosesini daha rahat və əlçatan edəcək.