
Gələcəyin ödənişləri AI agentləri və tokenizasiya üzərində qurulacaq - Visa rəsmisi
Yaxın 5 il ərzində süni intellekt (AI) agentlərinin istifadəçilərə məhsul və xidmətlərin seçilməsi ilə yanaşı, sifariş və ödənişlərin həyata keçirilməsində dəstək verəcəyi gözlənilir.
Fins.az xəbər verir ki, bu barədə “Visa”nın Müstəqil Dövlətlər Birliyi və Cənub-Şərqi Avropa regionu üzrə Rəqəmsal Həllər bölməsinin baş direktoru Sergiy Frantsishko Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, elektron ticarət bazarı sürətlə inkişaf edir və ödəniş sahəsində əsas tendensiyalardan biri “mobile-first” davranış modelinin formalaşmasıdır.
S.Frantsishko qeyd edib ki, istifadəçilər artıq ödənişlər də daxil olmaqla bir çox əməliyyatları mobil cihazlar və geyilə bilən texnologiyalar vasitəsilə həyata keçirirlər.
Visa rəsmisi bildirib ki, regionda nağdsız ödənişlərin həcmi artsa da, nağd əməliyyatların payı hələ də yüksək olaraq qalır. Onun fikrincə, bu vəziyyət rəqəmsal ödənişlərin genişləndirilməsi üçün əhəmiyyətli inkişaf potensialı yaradır.
O vurğulayıb ki, düzgün formalaşdırılmış ödəniş ekosistemi ölkələrə bəzi inkişaf mərhələlərini keçərək daha qabaqcıl rəqəmsal həllərə sürətli keçid imkanı verə bilər.
S.Frantsishkonun sözlərinə görə, gələcəyin ödəniş sənayesinin inkişafı tokenizasiya, credentials (kimlik məlumatlarının) qorunması, Passkeys texnologiyası və süni intellekt infrastrukturuna yönəldilən investisiyalarla sıx bağlı olacaq.
Visa nümayəndəsi qeyd edib ki, yaxın 5 il ərzində AI agentləri istifadəçilərə yalnız məhsul və xidmət seçimində deyil, həm də sifarişlərin rəsmiləşdirilməsi və ödənişlərin həyata keçirilməsi prosesində kömək göstərəcək.
O əlavə edib ki, bu proses tam şəkildə istifadəçinin razılığı əsasında həyata keçiriləcək.
S.Frantsishko bildirib ki, gələcəkdə süni intellekt agentləri insanların gündəlik tapşırıqlarını avtomatlaşdıracaq. Belə ki, istifadəçinin göstərişi əsasında səyahət planlaşdırılması, aviabilet alınması, hotel rezervasiyası və nəqliyyat sifarişi kimi əməliyyatlar AI sistemləri tərəfindən yerinə yetirilə biləcək.
Onun fikrincə, süni intellekt və rəqəmsal ödəniş texnologiyalarının inteqrasiyası maliyyə xidmətlərinin daha sürətli, rahat və fərdiləşdirilmiş formada təqdim edilməsinə imkan yaradacaq.