
Dünya Bankı Xəzər dənizi ilə bağlı ekoloji layihənin təsdiq tarixini açıqlayıb
Dünya Bankı “Xəzər dənizi ekosisteminin bərpası: çirklənmənin idarə olunması və biomüxtəlifliyin qorunması sahəsində potensialın yaradılması” adlı iri ekoloji təşəbbüsün maliyyələşdirilməsi ilə bağlı qərarın tarixini yeniləyib.
Fins.az-ın məlumatına görə, layihə Azərbaycan və Mərkəzi Asiyanın iki ölkəsinin iştirakı ilə həyata keçiriləcək və əsas məqsəd Xəzər dənizində çirklənməyə qarşı mübarizənin gücləndirilməsi, eləcə də biomüxtəlifliyin qorunması sahəsində regional əməkdaşlığın inkişaf etdirilməsidir. Dünya Bankı maliyyə paketini 2026-cı il 8 aprel tarixində təsdiqləməyi planlaşdırır. Halbuki bu qərarın ilkin olaraq 1 aprel tarixinə qədər verilməsi gözlənilirdi.
Məlumata əsasən, Qlobal Ekoloji Fond (GEF) tərəfindən layihənin icrası üçün Dünya Bankı və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) ümumilikdə 11 743 120 ABŞ dolları məbləğində qrant ayrılıb. Bu vəsait Azərbaycan, Qazaxıstan və Türkmənistanda həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Bildirilib ki, Dünya Bankı layihə çərçivəsində 8 243 120 ABŞ dolları məbləğində maliyyəni Direktorlar Şurasının təsdiqinə təqdim edəcək. Layihənin icrası isə BMT-nin Layihə Xidmətləri İdarəsi (UNOPS) tərəfindən həyata keçiriləcək. Bundan əlavə, UNOPS-a ətraf mühit və sosial standartlar üzrə alətlərin hazırlanması, eləcə də iştirakçı ölkələrlə əməkdaşlığın qurulması məqsədilə 183 489 ABŞ dolları məbləğində hazırlıq qrantı ayrılıb.
Qeyd olunub ki, layihə çirklənmənin idarə olunması və biomüxtəlifliyin qorunması istiqamətində tədbirlərin gücləndirilməsini nəzərdə tutur. Bu məqsədlə Azərbaycan, Qazaxıstan və Türkmənistanın institusional potensialının artırılması planlaşdırılır. Təşəbbüs eyni zamanda ölkələrin Tehran Konvensiyası və ona əlavə protokollar üzrə öhdəliklərinin icrasına dəstək verəcək.
Layihə üç əsas komponent üzrə həyata keçiriləcək. Çirklənmənin idarə olunmasının gücləndirilməsi üçün 3,9 milyon ABŞ dolları, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunmasının gücləndirilməsi üçün 3,9 milyon ABŞ dolları, layihənin idarə olunması üçün isə 443 120 ABŞ dolları vəsait ayrılması nəzərdə tutulur.