"Basel III" islahatları Azərbaycan bank sektorunun dayanıqlığını artırıb - BVF

"Basel III" islahatları Azərbaycan bank sektorunun dayanıqlığını artırıb - BVF

BANK
206

Fins.az - Beynəlxalq Valyuta Fondunun (BVF) qiymətləndirməsinə görə, Azərbaycanda “Basel III” standartlarının tətbiqinə mərhələli keçid maliyyə sektorunda risklərin və pozuntuların minimuma endirilməsinə müsbət təsir göstərib.

Məlumata əsasən, makroprudensial siyasətin aktiv tətbiqi makroiqtisadi hədəflərə nail olunmasına dəstək verir və maliyyə sabitliyi üçün yaranan riskləri azaldır. BVF-nin hesabatında qeyd olunur ki, “Basel III” çərçivəsində həyata keçirilən islahatlar kredit təklifindəki qeyri-sabitliyi azaltmaqla yanaşı, sektorun kapital və likvidlik şoklarına qarşı dayanıqlığını artırıb.

Eyni zamanda vurğulanır ki, nəzarətdə riskyönümlü yanaşmanın tətbiqi Azərbaycan Mərkəzi Bankına resurslardan daha səmərəli istifadə etməyə imkan verir. Bununla belə, qurumun gələcəkdə resursların yetərliliyinə xüsusi diqqət yetirməsinin vacibliyi qeyd olunur. Xüsusilə, “Basel III” standartlarının ikinci komponenti çərçivəsində bank risklərinin daha dərindən qiymətləndirilməsi ön plana çıxır. Hesabatda maliyyə “təhlükəsizlik yastıqları”, konsolidə edilmiş nəzarət və fövqəladə likvidlik mexanizmlərinin gücləndirilməsi, həmçinin zəruri qanunvericilik dəyişikliklərinin davam etdirilməsi tövsiyə olunur.

BVF həmçinin bildirir ki, orta müddətli fiskal konsolidasiya iqtisadi baxımdan əsaslandırılmış addımdır və nəsillərarası ədalətin, eləcə də iqtisadiyyatın xarici dayanıqlığının təmin olunmasına töhfə verir. Qeyd olunur ki, 2029-cu ilə qədər qeyri-neft kəsirinin ÜDM-in 13%-nə endirilməsi hədəfi uzunmüddətli sabit gəlirlərin qorunmasına xidmət edir və karbohidrogen gəlirlərinin yığılmasını tələb edir.

Fond fiskal siyasətə etimadın gücləndirilməsi üçün gəlir və xərcləri əhatə edən aydın və kompleks strategiyanın vacibliyini vurğulayır. Bu kontekstdə dövlət müəssisələrinin maliyyə monitorinqi üzrə yeni mexanizmlər, dövlət ödənişlərinin rəqəmsallaşdırılması və mərkəzləşdirilməsi müsbət qiymətləndirilir. Eyni zamanda subsidiyaların azaldılması, vergi güzəştlərinin optimallaşdırılması və vergi inzibatçılığının gücləndirilməsi tövsiyə olunur.

Hesabatda qeyd olunur ki, inflyasiya təzyiqlərinin davam etdiyi şəraitdə Mərkəzi Bankın uçot dərəcəsini artırması məqsədəuyğun hesab edilir. Bununla yanaşı, orta müddətli dövrdə inflyasiyanın azalacağı proqnozlaşdırılsa da, xarici qeyri-müəyyənlik və geosiyasi amillər səbəbindən risklərin qalmaqda davam etdiyi vurğulanır.

BVF ekspertləri pul-kredit siyasətinin effektivliyinin artırılması üçün şəffaf və qabaqlayıcı kommunikasiya siyasətinin əhəmiyyətini qeyd edir. Bununla yanaşı, banklararası bazarın inkişafı, risksiz gəlirlilik əyrisinin formalaşdırılması, dollarlaşmanın azaldılması, əməliyyat xərclərinin aşağı salınması və bank sektorunda rəqabətin gücləndirilməsi əsas prioritetlər kimi göstərilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Basel III" islahatları Azərbaycan bank sektorunun dayanıqlığını artırıb - BVF — Fins.az — Fins.az