
Bank məlumatlarının Vergi Xidmətinə ötürülməsi necə tənzimlənir? — AMB sədri açıqlayıb
Azərbaycanda bankların sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə dair maliyyə məlumatlarını Vergi Xidmətinə təqdim etməsi mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən banklar VÖEN-i olan şəxslərin əməliyyatları barədə məlumatları mütəmadi olaraq Vergi Xidmətinə təqdim etməlidir.
“Qanun bu gün deyir ki, banklar sahibkarlıq fəaliyyəti ilə məşğul olan, yəni VÖEN-i olan şəxslərin məlumatını ayda bir dəfə Vergi Xidmətinə verməlidir”, – deyə AMB sədri bildirib.
T.Kazımov qeyd edib ki, debet kart VÖEN-ə bağlı olduğu halda məlumatlar avtomatik şəkildə vergi orqanlarına ötürülür. Əgər kart VÖEN-ə bağlı deyilsə və bank əməliyyatda sahibkarlıq fəaliyyəti ilə bağlı şübhə aşkarlayırsa, həmin tranzaksiya Maliyyə Monitorinqi Xidmətinə yönləndirilir.
“Debet kart VÖEN-ə bağlı deyilsə və bank həmin əməliyyatlarda şübhə görürsə ki, bu sahibkarlıq fəaliyyətidir, onu şübhəli tranzaksiya kimi Maliyyə Monitorinqi Xidmətinə göndərir”, – deyə o vurğulayıb.
AMB sədri əlavə edib ki, Maliyyə Monitorinqi Xidməti məlumatları təhlil edir və vergidən yayınma və ya digər qanun pozuntusu aşkar edilərsə, məlumat aidiyyəti qurumlara, o cümlədən Vergi Xidmətinə ötürülür.
Onun sözlərinə görə, bu proses beynəlxalq praktikaya tam uyğundur.
“Bu normal beynəlxalq praktikadır”, – Taleh Kazımov bildirib.
O həmçinin qeyd edib ki, sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatların mütləq sahibkar hesabları üzərindən aparılması vacibdir.
“Sahibkarlıq fəaliyyəti ilə əməliyyatları sahibkarlıq hesabları üzərindən keçirsinlər, onda onlara heç kim toxunmayacaq”, – deyə AMB sədri vurğulayıb.
T.Kazımovun sözlərinə görə, fiziki şəxslərin kartları üzərindən aparılan çoxsaylı köçürmələr şübhə yarada bilər və bu halda banklar əlavə araşdırma aparır. O, bildirib ki, şübhəli əməliyyatlar yalnız vergidən yayınma ilə deyil, həm də çirkli pulların yuyulması və dələduzluq halları ilə bağlı ola bilər.
“Fərqi yoxdur fiziki şəxsdir, ya hüquqi şəxs. Şübhəli əməliyyat varsa, Maliyyə Monitorinqi bunu təhlil edir”, – deyə AMB sədri qeyd edib.