
Azərbaycandan Almaniyaya sərmayə qoyuluşu artıb
2025-ci ildə Almaniyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 26,334 milyon ABŞ dolları təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 49 milyon dollar və ya 2,9 dəfə azalma deməkdir. Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Almaniyanın payı 0,4% olub.
Azərbaycan isə 2025-ci il ərzində Almaniya iqtisadiyyatına 61,733 milyon dollar sərmayə qoyub ki, bu göstərici əvvəlki ilə nisbətən 38,8 milyon dollar və ya 2,7 dəfə çoxdur. Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandan Almaniyaya yatırılan sərmayələrin xüsusi çəkisi 2,4% təşkil edib.
2024-cü ildə Almaniyadan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 75,297 milyon dollar, Azərbaycandan Almaniyaya yatırılan sərmayələr isə 22,935 milyon dollar təşkil edirdi.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar ümumilikdə 6,595 milyard dollar olub ki, bu da 2024-cü ilə nisbətən 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir. Eyni zamanda, Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 2,528 milyard dollar təşkil edib ki, bu göstərici 2024-cü ilə nisbətən 765,4 milyon dollar və ya 43,4% artım deməkdir.