Azərbaycanda “UnionPay” kartları ilə əməliyyatların həcmi 6,2 dəfə artıb

Azərbaycanda “UnionPay” kartları ilə əməliyyatların həcmi 6,2 dəfə artıb

BANK
253

2026-cı ilin aprel ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda rezident maliyyə təşkilatları, eləcə də statistik vahidlərin ödəniş kartları çərçivəsində emissiya edilmiş “UnionPay” kartları ilə həyata keçirilən əməliyyatların sayı 2,4 minə, ümumi həcmi isə 310 min manatdan çoxa çatıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumataına əsasən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə “UnionPay” kartları üzrə əməliyyatların sayı 2,3 mindən çox və ya 24 dəfə artıb. Eyni dövrdə əməliyyatların həcmi isə 260 min manatdan çox və ya 6,2 dəfə yüksəlib.

Hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş “UnionPay” kartları ilə aparılan əməliyyatların sayı 2,2 min, ümumi məbləği isə 200 min manatdan çox təşkil edib.

Qeyd edək ki, cari ilin 30 yanvar tarixində Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov ilə UnionPay-in sədri Van Lisin arasında videokonfrans formatında görüş keçirilib.

Görüş zamanı ödəniş kartlarının emissiyası, QR kod texnologiyalarının qarşılıqlı əlaqəliliyinin genişləndirilməsi və rəqəmsal ödəniş həlləri üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Danışıqların yekununda tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum Mərkəzi Bank ilə UnionPay arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılmasına, kart emissiyası və emalı sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, həmçinin çarpaz pul köçürmə sistemlərinin inteqrasiyası, QR və token texnologiyalarının tətbiqi istiqamətlərində əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Sənəd çərçivəsində nağdsız ödənişlərin inkişafı, yerli kart sahibləri üçün daha təhlükəsiz və rahat xidmətlərin təqdim olunması, innovativ ödəniş məhsullarının yaradılması və nağdsız iqtisadiyyata keçidi sürətləndirəcək texniki həllərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda “UnionPay” kartları ilə əməliyyatların həcmi 6,2 dəfə artıb — Fins.az — Fins.az