
Azərbaycanda tokenləşdirilmiş ödənişlərin həcmi artır
"Click to Pay" və passkey texnologiyalarının Azərbaycanda rəqəmsal ödənişlərin növbəti inkişaf mərhələsini formalaşdıracağı gözlənilir.
Fins.az xəbər verir ki, bu barədə "Visa"nın Azərbaycandakı regional meneceri və baş direktoru Nurlan Hacıyev Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, EMV standartına əsaslanan "Click to Pay" texnologiyası kart məlumatlarının təhlükəsiz şəkildə saxlanılmasına və ödəniş əməliyyatlarının “bir toxunuşla” həyata keçirilməsinə imkan verir.
N.Hacıyev qeyd edib ki, bu texnologiya artıq qlobal ödəniş bazarının əsas tendensiyalarından birinə çevrilib və onun tətbiqi sürətlə genişlənir.
Visa rəsmisinin sözlərinə görə, Azərbaycanda təxminən 10 bank "Click to Pay" texnologiyasının emissiya mərhələsini uğurla tamamlayıb.
O bildirib ki, rəqəmsal ödənişlərin inkişafında növbəti mərhələ passkey texnologiyalarının tətbiqi olacaq.
N.Hacıyev vurğulayıb ki, passkey texnologiyaları biometrik autentifikasiya vasitəsilə ödənişlərin təsdiqlənməsini təmin edəcək. Bu zaman istifadəçilər barmaq izi, üz tanıma və digər biometrik identifikasiya üsullarından yararlana biləcəklər.
Onun sözlərinə görə, elektron ticarət sektorunda tokenləşdirilmiş əməliyyatların istifadəsi də sürətlə artır.
Visa nümayəndəsi qeyd edib ki, son 12 ay ərzində Azərbaycan kart sahibləri tərəfindən həyata keçirilən transsərhəd əməliyyatların sayı təxminən 1,5 dəfə artıb.
Eyni zamanda, daxili əməliyyatların sayında da əhəmiyyətli yüksəliş qeydə alınıb. Belə ki, bu göstərici son bir ildə təxminən 2,5 dəfə artıb.
N.Hacıyev əlavə edib ki, rəqəmsal ödəniş texnologiyalarının genişlənməsi həm istifadəçi rahatlığını artırır, həm də elektron ticarətin inkişafına əlavə təkan verir.