
Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon ədədə çatıb
2026-cı ilin 1 yanvar tarixinə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon ədəd təşkil edib. Virtual kartlar istisna olmaqla, bu kartların 91,6%-i təmassız ödənişləri dəstəkləyib.
Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, 2024-cü il ilə müqayisədə ödəniş kartlarının sayı 10,5% artıb. Emissiya edilmiş kartların 90,6%-i debet kart (19,9 milyon ədəd), 9,4%-i kredit kart (2,1 milyon ədəd) olub. Virtual kartların sayı 24,6% artaraq 2,3 milyon ədədə çatıb və dövriyyədə olan ödəniş kartlarının 10,7%-ini təşkil edib.
2025-ci il üzrə ödəniş əməliyyatlarında ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 146,7 milyard manat olub ki, bu da 2024-cü ilə nisbətən 19,3% artım deməkdir. Nağdsız ödənişlərin həcmi 99,1 milyard manat təşkil edib və 25,6% artım göstərib. Elektron ticarət əməliyyatlarının sayı 1,5 milyard ədəd (43,4% artım), həcmi isə 86,4 milyard manat (29,8% artım) olub.
POS-terminallar üzrə göstəricilər də artım trendini göstərir: POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 760,5 milyon ədəd (22,3% artım), həcmi 12,7 milyard manat (3,3% artım) təşkil edib. Təmassız ödənişlərin sayı 734,8 milyon ədəd (22,5% artım), həcmi isə 12,1 milyard manat (4,7% artım) olub.