Azərbaycanda maliyyə sektorunda yeni anti-frod modeli hazırlanır

Azərbaycanda maliyyə sektorunda yeni anti-frod modeli hazırlanır

BANK
290

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə səviyyəsində mərkəzləşdirilmiş anti-frod ekosisteminin yaradılması istiqamətində işlərə başladığını açıqlayıb.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri və Məhsulların İnkişafı Departamentinin baş mütəxəssisi Elvin Cüvarov Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” beynəlxalq tədbirinin ikinci günündə bildirib.

Onun sözlərinə görə, əsas məqsəd ölkə üzrə mərkəzləşdirilmiş anti-frod ekosisteminin formalaşdırılması və maliyyə sektorunda vahid yanaşmanın tətbiqidir. O qeyd edib ki, bu istiqamətdə strategiya ötən ildən etibarən müzakirə olunur və hazırda tətbiq mexanizmləri üzərində iş aparılır.

E.Cüvarov bildirib ki, planlaşdırılan modelə əsasən mərkəzləşdirilmiş sistem yaradılacaq, paralel olaraq maliyyə təşkilatlarının daxili anti-frod sistemləri də təkmilləşdiriləcək. Məqsəd məlumat mübadiləsinin təmin edilməsi, sistemlər arasında inteqrasiyanın qurulması və vahid anti-frod ekosisteminin formalaşdırılmasıdır.

AMB rəsmisinin sözlərinə görə, anti-frod sahəsində vahid tələb və nəzarət mexanizmlərinin hazırlanması prosesi artıq davam edir. O əlavə edib ki, bu mexanizmlərin ilin sonuna qədər bazara təqdim olunması planlaşdırılır. İlkin mərhələdə nəzarət mexanizmləri və tövsiyələrin təqdim ediləcəyi, daha sonra isə vahid tələblərin formalaşdırılacağı nəzərdə tutulur.

O həmçinin qeyd edib ki, sektor üzrə məlumat mübadiləsinin gücləndirilməsi məqsədilə işçi qrup yaradılıb. Hazırda məlumat mübadiləsinin texnoloji baxımdan təkmilləşdirilməsi və proseslərin qismən avtomatlaşdırılması istiqamətində işlər davam etdirilir.

E.Cüvarov vurğulayıb ki, maarifləndirmə tədbirləri də prioritet istiqamətlərdəndir. Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən müxtəlif universitetlər və təhsil müəssisələrində tələbələr üçün mütəmadi təlimlər təşkil olunur və bu çərçivədə frod növləri, fırıldaqçılıqla mübarizə üsulları və maarifləndirmə mexanizmləri barədə məlumatlar verilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda maliyyə sektorunda yeni anti-frod modeli hazırlanır — Fins.az — Fins.az