
Azərbaycanda maliyyə-bank sektoru üçün İnnovasiya Mərkəzinin yaradılması təklif olunub
Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” çərçivəsində Azərbaycanda maliyyə-bank sektorunda innovasiyaların genişləndirilməsi məqsədilə İnnovasiya Mərkəzinin yaradılması təklif edilib.
Fins.az-ın məlumatına görə, bu barədə tədbirdə çıxışı zamanı Zakir Nuriyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi, ölkənin regional innovasiya mərkəzinə çevrilməsi və türk dövlətləri ilə qlobal maliyyə inteqrasiyasında rolunun artırılması üçün mühüm institusional və qanunvericilik islahatlarına ehtiyac var.
Zakir Nuriyev qeyd edib ki, bank sektorunda həyata keçirilən dəyişikliklərin davamı olaraq rəqəmsal banklar haqqında qanunun qəbul edilməsi region ölkələri ilə maliyyə inteqrasiyasının genişlənməsinə, bank-müştəri münasibətlərinin tam rəqəmsal müstəviyə keçməsinə və Azərbaycanın “innovasiya hub” kimi mövqeyinin güclənməsinə xidmət edəcək.
ABA prezidenti vurğulayıb ki, innovasiyaların tətbiqinin təşviqi, ekosistemdə prioritet istiqamətlərin müəyyənləşdirilməsi və yeni texnoloji həllərin inkişafı üçün xüsusi İnnovasiya Mərkəzinin yaradılması vacibdir. Onun sözlərinə görə, bu qurumun Azərbaycan Mərkəzi Bankı nəzdində fəaliyyət göstərməsi məqsədəuyğun hesab olunur.
Z.Nuriyev əlavə edib ki, rəqəmsal ödəniş ekosisteminin inkişafı çərçivəsində Ani Ödənişlər Sistemində NFC texnologiyası əsasında yeni rəqəmsal ödəniş imkanlarının yaradılması da vacib istiqamətlərdən biridir. Bu addım vətəndaşlar və biznes subyektləri üçün ödənişlərin daha rahat, sürətli və effektiv şəkildə həyata keçirilməsinə imkan verə bilər.
Təkliflər ölkədə maliyyə texnologiyalarının inkişafı, innovativ məhsulların tətbiqi və bank sektorunun rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.