Azərbaycanda könüllü kredit qadağası mexanizmi tətbiq olunacaq - Toğrul Əliyev

Azərbaycanda könüllü kredit qadağası mexanizmi tətbiq olunacaq - Toğrul Əliyev

BANK
551

Bu gün Bakıda Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir Rəqəmsal Dünyada İstehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda tədbir keçirlib.

Fins.az xəbər verir ki, tədbirdə rəqəmsal maliyyə xidmətlərinin inkişafı fonunda istehlakçı hüquqlarının qorunması, kibertəhlükəsizlik riskləri və vətəndaşların rəqəmsal maliyyə savadlılığının artırılması məsələlərinə toxunulub. Belə ki, tədbirdə çıxış edən Mərkəzi Bank sədrinin müavini Toğrul Əliyev bildirib ki, rəqəmsal maliyyə xidmətlərinin sürətlə inkişafı istehlakçılar üçün yeni imkanlar yaratsa da, kibertəhlükəsizlik və dələduzluq risklərinin artması fonunda onların hüquqlarının qorunması və rəqəmsal maliyyə savadlılığının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

O Azərbaycanda istehlakçı hüquqlarının qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib:

"Ölkəmizdə istehlakçı hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə icra olunan genişmiqyaslı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Cənab Prezidentin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” haqqında sərəncamı və rəqəmsal inkişafın sürətləndirilməsi ilə bağlı fərman və sərəncamları bu sahədə fəaliyyətimizə aydın strateji istiqamət verir".

T.Əliyevin sözlərinə görə, son illərdə rəqəmsallaşma qlobal iqtisadiyyatın və maliyyə sisteminin inkişafında əsas hərəkətverici qüvvələrdən birinə çevrilib:

"Son illərdə rəqəmsallaşma qlobal iqtisadiyyatın və maliyyə sisteminin inkişafında əsas hərəkətverici qüvvələrdən birinə çevrilmişdir. Elektron ticarət, rəqəmsal ödənişlər, mobil bankçılıq və innovativ maliyyə texnologiyaları istehlakçılar üçün xidmətlərin əlçatanlığını və rahatlığını əhəmiyyətli dərəcədə artırmışdır. Bu dəyişikliklər maliyyə inklüzivliyini genişləndirir, iqtisadi fəaliyyətin sürətini artırır və yeni biznes modellərinin formalaşmasına xidmət edir".

O bildirib ki, rəqəmsal transformasiya yeni imkanlarla yanaşı, müəyyən risklər də yaradır:

"Eyni zamanda, rəqəmsal transformasiya yeni risklər və çağırışlar da yaradır. Rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması, dələduzluq halları və istehlakçıların məlumatlandırılması kimi məsələləri daha da aktuallaşdırır. Məhz bu kontekstdə, müasir dövrdə maliyyə sektorunun dayanıqlı inkişafı yalnız innovasiyanın təşviqi ilə deyil, həm də istehlakçıların hüquq və maraqlarının etibarlı şəkildə qorunması ilə mümkündür".

Mərkəzi Bank sədrinin müavini qeyd edib ki, rəqəmsal maliyyə savadlılığının artırılması bu sahədə əsas amillərdən biridir:

"Təcrübə göstərir ki, rəqəmsal transformasiyanın imkanlarından düzgün istifadə edilməsi və risklərin neytrallaşdırılması üçün ən mühüm amillərdən biri də istehlakçıların məhz rəqəmsal maliyyə savadlığının artırılmasıdır. Müasir dövrdə rəqəmsal maliyyə savadlılığı istehlakçıların maliyyə təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan əsas bacarıqlardan birinə çevrilmişdir".

O qeyd edib ki, rəqəmsal maliyyə savadlılığının mühüm komponentlərindən biri vətəndaşların bank tətbiqlərindən və elektron ödəniş alətlərindən düzgün istifadə bacarıqlarıdır:

"Rəqəmsal maliyyə savadlılığının isə bir neçə mühüm komponenti mövcuddur. Bu komponentlərdən biri, rəqəmsal bankçılıq və ödəniş bacarıqlarıdır. Bu sahədə vətəndaşların bank tətbiqlərindən istifadə etməsi, köçürmələr həyata keçirməsi, elektron pul kisələrindən və digər rəqəmsal ödəniş alətlərindən düzgün istifadə etməsi mühüm əhəmiyyət daşıyır".

Onun sözlərinə görə, maliyyə idarəetməsi və rəqəmsal təhlükəsizlik bilikləri də istehlakçıların maliyyə təhlükəsizliyinin qorunmasında vacib rol oynayır:

"Növbəti olaraq, maliyyə idarəetməsi bacarıqlarını qeyd etmək olar. Müasir dövrdə xərcləri təhlil etmək və investisiya qərarları vermək üçün müxtəlif rəqəmsal alətlər mövcuddur. Bu alətlərdən səmərəli istifadə vətəndaşlara maliyyə qərarlarını daha rasional şəkildə qəbul etməyə kömək edir. Bunlardan əlavə, rəqəmsal təhlükəsizlik məsələlərini vurğulamaq lazımdır. Şəxsi məlumatların qorunması, güclü təhlükəsizlik şifrələrinin yaradılması və təhlükəsiz saxlanılması, habelə fişinq hücumlarının müəyyən edilə bilməsi kimi biliklər istehlakçıların maliyyə təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir".

T.Əliyev vurğulayıb ki, sosial mühəndislik üsulları və saxta mesajlar vasitəsilə həyata keçirilən dələduzluq halları qlobal miqyasda ciddi problem olaraq qalır:

"Sirr deyil ki, sosial mühəndislik üsulları, saxta mesajlar və ya etibarsız şəbəkələr vasitəsilə həyata keçirilən dələduzluq halları bu gün qlobal miqyasda ciddi problem olaraq qalmaqdadır. Bu səbəbdən rəqəmsal maliyyə savadlılığının artırılması yalnız fərdi maliyyə rifahının deyil, bütövlükdə maliyyə sisteminin dayanıqlığının vacib elementidir".

O qeyd edib ki, bu qlobal tendensiyalar mərkəzi bankları istehlakçı hüquqlarının qorunması mexanizmlərini gücləndirməyə sövq edir:

"Qeyd etdiyimiz qlobal trendlər dünyada mərkəzi bankları və maliyyə sektoru tənzimləyicilərini rəqəmsal maliyyə xidmətlərinin inkişafını dəstəkləməklə yanaşı, istehlakçıların hüquqlarının qorunması mexanizmlərinin gücləndirilməsinə xüsusi diqqət yetirməyə sövq edir".

Mərkəzi Bankın bu istiqamətdə gördüyü işlərdən danışan sədr müavini bildirib ki, rəqəmsal maliyyə xidmətlərinin təhlükəsiz inkişafı üçün müvafiq çərçivə formalaşdırılıb:

"Azərbaycan Respublikasının Mərkəzi Bankı da rəqəmsal maliyyə xidmətlərinin təhlükəsiz və dayanıqlı inkişafını təmin etmək məqsədilə istehlakçıların hüquqlarının qorunması çərçivəsini formalaşdırmışdır".

Onun sözlərinə görə, bu çərçivədə maliyyə institutlarında informasiya təhlükəsizliyinin təmin olunmasına dair tələblər müəyyən edilib və məsafədən hesab açılması ilə bağlı qaydalar modernləşdirilib. Bundan əlavə, Mərkəzi Bank tərəfindən maliyyə sektorunda kibertəhlükəsizlik risklərinin idarə olunması məqsədilə FinCERT – Maliyyə sektorunda sahəvi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi yaradılıb:

"Sözügedən Mərkəz, maliyyə institutlarına təsir edən kibertəhlükəsizlik insidentləri barədə məlumatların operativ toplanmasını və paylaşılmasını, onların səbəblərinin və maliyyə sektoruna təsirinin təhlili, habelə zəruri cavab tədbirlərinin planlaşdırılaraq tətbiqini təmin edir".

O əlavə edib ki, rəqəmsal fırıldaqçılıq risklərinin azaldılması məqsədilə Mərkəzləşdirilmiş məlumat mübadiləsi sisteminin yaradılması istiqamətində də işlər aparılır:

"Bu sistem, banklar, ödəniş təşkilatları və digər səlahiyyətli qurumlar arasında operativ məlumat mübadiləsini təmin edəcək və fırıldaqçılıq hallarına daha sürətli reaksiya verilməsinə imkan yaradacaqdır".

T.Əliyev onu da qeyd edib ki, Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər də yekunlaşma mərhələsindədir:

"Eyni zamanda, Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə etmiş olacaq, bu isə öz növbəsində fırıldaqçılıq risklərini əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcəkdir".

O deyib ki, maliyyə institutlarının bazar davranışlarının hüquqi tənzimlənməsinin inkişaf etdirilməsi istiqamətində də tədbirlər həyata keçirilir:

"Bu məqsədlə, qabaqcıl təcrübəyə uyğun olaraq, beynəlxalq ekspertlər cəlb olunmaqla “Maliyyə institutlarının bazar davranışlarına dair Metodoloji Rəhbərlik” layihəsi hazırlanmışdır. Bu sənəd, maliyyə sektorunda şəffaflıq və ədalətli biznes davranışlarını təmin etməyə yönəlib və maliyyə institutları üçün məsuliyyətli davranış standartlarını müəyyən edir. Bununla yanaşı, nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və bazar davranışlarına risk əsaslı nəzarət modelinin tətbiqi planlaşdırılır. Bütün bunlar, maliyyə istehlakçılarının hüquqlarının daha etibarlı şəkildə qorunması üçün şərait yaradacaqdır".

Sədr müavini qeyd edib ki, Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində də geniş maarifləndirmə tədbirləri həyata keçirir:

"Bu çərçivədə maarifləndirmənin prioritet mövzuları kimi maliyyə məhsullarının mahiyyətinin anlaşılması ilə yanaşı, rəqəmsal mühitdə təhlükəsizlik, eləcə də istehlakçı hüquqlarının mahiyyəti və müqavilə şərtlərinin düzgün dərk edilməsi kimi mövzular xüsusi yer tutur".

O bildirib ki, məlumatlı istehlakçıların sayının artması maliyyə sektorunda daha şəffaf və məsuliyyətli davranış mədəniyyətinin formalaşmasına xidmət edir:

"Çünki məlumatlı və savadlı istehlakçı həm maliyyə xidmətlərini daha şüurlu şəkildə seçir, həm də risklərə qarşı daha dayanıqlı olur".

T.Əliyev əlavə edib ki, Mərkəzi Bank maliyyə istehlakçılarının hüquqlarının qorunması sahəsində beynəlxalq əməkdaşlığı da genişləndirir. Bu çərçivədə qurum ötən ilin oktyabr ayında Maliyyə İstehlakçılarının Müdafiəsi üzrə beynəlxalq təşkilat olan FinCoNet-ə tamhüquqlu üzv qəbul edilib:

"Eyni zamanda, Mərkəzi Bank İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Təhsili üzrə Beynəlxalq Şəbəkəsinə – OECD-INFE platformasına üzv olmuşdur. Bu əməkdaşlıq maliyyə savadlılığının artırılması və istehlakçıların məlumatlılığının yüksəldilməsi istiqamətində yeni imkanlar yaradır".

Sədr müavini bildirib ki, hazırda Mərkəzi Bank tərəfindən 15-dən artıq dövlət qurumu ilə birlikdə maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə yeni dövlət proqramının layihəsi hazırlanıb:

"Nəhayət, Mərkəzi Bank tərəfindən 15-dən artıq dövlət qurumu ilə birgə “Azərbaycan Respublikasının 2026-2029-cu illərdə maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanmışdır. Proqramın əsas sütunlarından biri vətəndaşların maliyyə xidmətlərindən məlumatlı və təhlükəsiz şəkildə istifadəsi üçün imkanların yaradılmasıdır. Proqramın həyata keçirilməsi ölkədə maliyyə xidməti istehlakçıların hüquqlarının qorunmasının yeni keyfiyyət müstəvisində qaldırılmasına xidmət edəcəkdir."

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda könüllü kredit qadağası mexanizmi tətbiq olunacaq - Toğrul Əliyev — Fins.az — Fins.az