Azərbaycanda illik inflyasiya hədəf diapazonunda qalacaq – AMB

Azərbaycanda illik inflyasiya hədəf diapazonunda qalacaq – AMB

BANK
532

Azərbaycan Mərkəzi Bankının (AMB) may proqnozlarına əsasən, 2026 və 2027-ci illərdə illik inflyasiyanın hədəf diapazonunda — 4±2% səviyyəsində qalacağı gözlənilir. Proqnozlara görə, illik inflyasiya 2026-cı ildə 5.9%, 2027-ci ildə isə 4.5% təşkil edəcək.

Fins.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata əsasən, 2026-cı ilin illik inflyasiya proqnozuna ticarət tərəfdaşlarında çəkili inflyasiya 2.59 faiz bəndi (f.b.), kənd təsərrüfatı istehsalçıları qiymətləri indeksi (KİQİ) 2.16 f.b., ev təsərrüfatlarının istehlakı isə 0.88 f.b. artırıcı təsir göstərəcək. Digər amillərin də inflyasiyaya 1.90 f.b. həcmində yüksəldici təsir edəcəyi gözlənilir.

AMB vurğulayıb ki, dövlət istehlakı və nominal effektiv məzənnənin (NEM) isə 2026-cı ilin inflyasiya proqnozuna müvafiq olaraq 0.50 f.b. və 1.13 f.b. azaldıcı təsiri olacaq.

Mərkəzi Bankın qiymətləndirmələrinə görə, 2027-ci ildə proqnozlaşdırılan 4.5%-lik illik inflyasiyaya ticarət tərəfdaşlarında inflyasiya 1.92 f.b., KİQİ 1.87 f.b., ev təsərrüfatlarının istehlakı 1.55 f.b., dövlət istehlakı 0.03 f.b. və digər amillər 0.90 f.b. artırıcı təsir göstərəcək. Bununla yanaşı, NEM-in isə inflyasiyaya -1.77 f.b. azaldıcı təsiri proqnozlaşdırılır.

AMB qeyd edib ki, proqnozların reallaşması həm xarici, həm də daxili iqtisadi mühitdə baş verə biləcək dəyişikliklərdən asılı olacaq. Bildirilib ki, əsas xarici risklər tərəfdaş ölkələrdə qiymət artımlarının davam etməsi ilə bağlıdır. Qeyd olunub ki, geosiyasi gərginliklər fonunda əmtəə və maliyyə bazarlarındakı dalğalanmalar inflyasiya təzyiqlərini gücləndirə bilər.

Məlumatda xüsusi olaraq vurğulanıb ki, Yaxın Şərqdə davam edən münaqişələr təchizat zəncirlərində problemlər yaradır, nəqliyyat və sığorta xərclərini artırır, eyni zamanda enerji bazarlarında qiymət dəyişkənliyini yüksəldir. Bu amillərin ilin qalan hissəsində də ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasına təsir göstərməsi ehtimal olunur.

AMB əlavə edib ki, nominal effektiv məzənnənin ucuzlaşması idxal inflyasiyasının daxili bazara ötürülməsini sürətləndirən əsas amillərdən biri hesab edilir. Eyni zamanda, iqlim dəyişikliklərinin istehsala mənfi təsiri qlobal inflyasiya təzyiqlərini daha da artırır. Daxili risklər sırasında isə yerli xərclər və tələbin artım meyilləri ön plana çıxır.

Mərkəzi Bankın açıqlamasında bildirilib ki, 2026-cı ilin mart ayında inflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişib. Real sektor üzrə aparılan monitorinqin nəticələrinə əsasən, qeyri-neft-qaz istehsalı, ticarət və xidmət sektorlarında gözləntilərdə artım qeydə alınıb. Bununla yanaşı, tikinti sektorunda növbəti 3 ay üzrə qiymət gözləntiləri ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

Mart ayında qeyri-neft-qaz istehsal sektorunda qiymət gözləntiləri indeksi 12.09 olub. Bu göstərici ötən ilin eyni dövründə 5.36 təşkil edib. Ticarət sektorunda indeks 16.43 olub ki, bu da ötən ilin müvafiq dövründə qeydə alınan -0.01 göstəricisini üstələyib. Tikinti sektorunda indeks -1.11 səviyyəsində qeydə alınıb, halbuki ötən ilin eyni dövründə bu göstərici 17.70 olmuşdu. Xidmət sektorunda isə qiymət gözləntiləri indeksi 20.25 təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 16.45 olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda illik inflyasiya hədəf diapazonunda qalacaq – AMB — Fins.az — Fins.az