Azərbaycanda ESİ Risk Radarı sistemi tətbiq olunacaq - Mərkəzi Bank

Azərbaycanda ESİ Risk Radarı sistemi tətbiq olunacaq - Mərkəzi Bank

BANK
424

ESİ Risk Radarının 2026-cı ilin sonunadək Azərbaycanda tətbiqinə başlanılması nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dayanıqlı maliyyə hesabatında məlumat verilib.

Qeyd edilib ki, AMB Azərbaycan Banklar Assosiasiyası və Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə “Sparkassenstiftung” təşkilatı ilə birgə ESİ Risk Radar alətinin bank sektorunda tətbiqi layihəsini icra edir.

Məlumata əsasən, bu alət kredit və müştəri səviyyəsində məlumatların məhdud olduğu şəraitdə ESİ risklərinin ölçülməsi və müqayisə edilməsinə imkan yaradır. Sistem sistematik “yuxarıdan aşağıya” (top-down) qiymətləndirmə metodologiyasına əsaslanır və Beynəlxalq Hesablaşmalar Bankının (BIS) iqlimlə bağlı maliyyə risklərinin effektiv idarə edilməsi və nəzarəti prinsiplərinə uyğun istilik xəritəsi (heatmap) vasitəsilə kredit portfelindəki risklərin ümumi icmalını təqdim edir.

ESİ Risk Radarı çərçivəsində risklər üç əsas kateqoriya üzrə qiymətləndirilir: fiziki iqlim riski, keçid iqlim riski və digər ESİ riskləri. Sektor səviyyəsində müəyyən edilən risk balları bankların kredit portfellərində iqlim və digər ESİ risklərinin konsentrasiyasını göstərən istilik xəritəsinin formalaşdırılmasına imkan verir.

Daha sonra banklar müştərilərdən risk sorğu şablonları vasitəsilə məlumat toplayır və hər bir şirkət üzrə ayrıca ESİ risk balı hesablanır. Bu yanaşma həm sektor, həm də şirkət səviyyəsində risklərin sistemli qiymətləndirilməsinə şərait yaradır.

Nəticədə banklar əldə olunan göstəricilərdən kredit siyasətinin hazırlanmasında, portfel idarəetməsində və ümumi risk nəzarəti proseslərində istifadə edə biləcək.

Bununla yanaşı, “İqlim risklərindən yaranan keçid riskləri üzrə məlumat boşluqlarının aradan qaldırılmasına dair Yol Xəritəsi” çərçivəsində kredit müraciətləri zamanı müəssisələrdən İQ emissiya məlumatlarının toplanması və Mərkəzləşdirilmiş Kredit Reyestrində strukturlaşdırılmış şəkildə əks etdirilməsi planlaşdırılır. Həmçinin stress-test və ssenari analizləri üçün maliyyə məlumat bazasının genişləndirilməsi və emissiya məlumatlarının alt-sektor səviyyəsində daha detallı təsnifatı üzrə işlər aparılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ESİ Risk Radarı sistemi tətbiq olunacaq - Mərkəzi Bank — Fins.az — Fins.az