
Azərbaycanda ərzaq inflyasiyası 6,5% olub: səbəblər və struktur açıqlanıb
Hazırda Azərbaycanda ərzaq inflyasiyası 6,5% səviyyəsində olsa da, onun böyük hissəsi xarici və təklif yönümlü amillərin təsiri ilə formalaşır.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, inflyasiyanın strukturunda tələb amillərinin payı cəmi 20-30% təşkil edir.
“Bu səbəbdən faiz dərəcələrinin kəskin artırılması iqtisadi aktivliyə mənfi təsir göstərə bilər. İstehlak azalacaq və bu da iqtisadiyyata dəstəyin zəifləməsi deməkdir”, – deyə AMB sədri qeyd edib.
T.Kazımov vurğulayıb ki, Mərkəzi Bank idxal olunan inflyasiyanın qarşısını almaq məqsədilə sabit məzənnə rejimindən istifadə edir və bu alət indiyədək effektiv nəticə göstərib.
O qeyd edib ki, mövcud şəraitdə tələb amillərinin süni şəkildə sıxılması məqsədəuyğun deyil və inflyasiya gözləntiləri diqqətlə izlənilir.
“Hazırda ərzaq inflyasiyası 6,5% səviyyəsində olsa da, bunun böyük hissəsi xarici və təklif yönümlü təsirlərdən qaynaqlanır”, – AMB sədri əlavə edib.