Azərbaycanda əməkhaqqı sistemi dəyişir: vətəndaşlar bank seçimini sərbəst edəcək - AMB

Azərbaycanda əməkhaqqı sistemi dəyişir: vətəndaşlar bank seçimini sərbəst edəcək - AMB

BANK
335

Azərbaycanda muzdlu çalışanların əməkhaqlarını istədikləri bank vasitəsilə əldə etməsinə imkan yaradılması istiqamətində yeni mexanizmin tətbiqi nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə aktiv əməkdaşlıq aparılır və texniki inteqrasiyalar mərhələli şəkildə həyata keçirilir.

T.Kazımov bildirib ki, planlara əsasən, yaxın 2-3 ay ərzində əməkhaqqı ödənişlərinin liberallaşdırılması prosesinə başlanılması mümkün ola bilər.

“İstəyimiz odur ki, həm dövlət, həm də özəl sektorda çalışan muzdlu işçilər istədikləri bankda rahat şəkildə maaşlarını ala bilsinlər”, – deyə AMB sədri qeyd edib.

O vurğulayıb ki, növbəti mərhələdə bu sistemin pensiyaçılar və sosial müavinət alan şəxslərə də şamil edilməsi nəzərdə tutulur.

T.Kazımov əlavə edib ki, layihə üzrə xüsusi işçi qrupu fəaliyyət göstərir və əsas məqsəd prosesin vətəndaş üçün maksimum sadə və əlçatan olmasıdır.

“Biz istəyirik ki, bu, heç kimdən asılı olmayan, vətəndaşın öz seçiminə bağlı bir sistem olsun”, – deyə o bildirib.

AMB sədri həmçinin qeyd edib ki, İT infrastruktur və proqram təminatı üzrə işlər davam etdirilir və layihənin cari il ərzində yekunlaşdırılması planlaşdırılır.

“Düşünmürük ki, bu, uzun müddət çəkəcək. Yəqin ki, yaxın 3-4 ay ərzində bunu yekunlaşdıracağıq”, – T.Kazımov vurğulayıb.

O bildirib ki, yeni sistemin tətbiqi bank sektorunda rəqabətin artmasına və xidmət keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda əməkhaqqı sistemi dəyişir: vətəndaşlar bank seçimini sərbəst edəcək - AMB — Fins.az — Fins.az