
Azərbaycanda depozitlər 2031-ci ilə qədər davamlı artacaq - BVF
Azərbaycan bank sektorunda depozitlərin həcminin 2031-ci ilə qədər milli valyutada əmanətlərin artması və xarici valyutada depozitlərin tədricən yüksəlməsi fonunda davamlı artım nümayiş etdirəcəyi proqnozlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (Beynəlxalq Valyuta Fondu) son icmalında qeyd olunub.
BVF-nin proqnozlarına əsasən, milli valyutada depozitlər 2026-cı ildə 24,7 milyard manatdan 2031-ci ildə 41,2 milyard manata yüksələcək. Aralıq dövrlərdə göstəricinin 2027-ci ildə 27,4 milyard manat, 2028-ci ildə 30,3 milyard manat, 2029-cu ildə 33,6 milyard manat, 2030-cu ildə isə 37,2 milyard manat olacağı gözlənilir.
Məlumata görə, manatla depozitlər üzrə artım əvvəlki illərdə də davamlı dinamika göstərib. Belə ki, 2023-cü ildə 19,5 milyard manat olan göstərici 2024-cü ildə 20,8 milyard manata yüksəlib, 2025-ci ildə isə 22,4 milyard manat səviyyəsində qiymətləndirilib.
Ümumilikdə, milli valyutada əmanətlərin həcminin 2026–2031-ci illər ərzində təxminən 84% artacağı və 2023-cü illə müqayisədə iki dəfədən çox yüksələcəyi proqnozlaşdırılır.
Xarici valyutada depozitlərin də artacağı gözlənilir, lakin bu artım daha mülayim tempdə olacaq. BVF-nin qiymətləndirməsinə görə, bu göstərici 2026-cı ildə 9,9 milyard manatdan 2031-ci ildə 10,8 milyard manata yüksələcək.
Aralıq göstəricilərə əsasən, xarici valyutada depozitlər 2027-ci ildə 10,4 milyard manat, 2028-ci ildə 10,6 milyard manat, 2029–2030-cu illərdə isə təxminən 10,8 milyard manat səviyyəsində sabitləşəcək.
Əvvəlki illərdə isə bu seqmentdə 2023-cü ildə 9,7 milyard manat, 2024-cü ildə 9,8 milyard manat göstərici qeydə alınıb, 2025-ci ildə isə 9,5 milyard manata qədər azalma müşahidə edilib.
BVF həmçinin Azərbaycanda geniş pul kütləsinin də artacağını proqnozlaşdırır. Belə ki, bu göstərici 2026-cı ildə 53,4 milyard manatdan 2031-ci ildə 75,7 milyard manata yüksələcək.
Eyni dövrdə milli valyutada pul kütləsinin də artımı gözlənilir və 2026-cı ildə 43,5 milyard manatdan 2031-ci ildə təxminən 64,9 milyard manata çatacağı bildirilir.