
Azərbaycanda biznes kreditləri artıb
2026-cı ilin martın 1-nə Azərbaycanda bank sektorunun kredit portfelində biznes kreditləri üstün mövqeyini qoruyaraq 53,3% paya malik olub və həcmi 16,058 milyard manata çatıb.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, biznes kreditlərinin həcmi aylıq müqayisədə 109,1 milyon manat və ya 0,7%, illik müqayisədə isə 1,3 milyard manat və ya 8,7% artım göstərib.
Hesabat dövründə iri sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi 8,389 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 42,3 milyon manat və ya 0,5%, illik müqayisədə isə 57,1 milyon manat və ya 0,7% artım deməkdir.
Eyni zamanda, orta sahibkarlıq subyektlərinə yönəldilən kreditlər 2,270 milyard manata çatıb ki, bu da aylıq müqayisədə 24,7 milyon manat və ya 1,1%, illik müqayisədə isə 322,4 milyon manat və ya 16,5% çoxdur.
Kiçik sahibkarlıq subyektlərinə ayrılmış kreditlərin həcmi 1,722 milyard manat təşkil edib. Bu, aylıq müqayisədə 26,6 milyon manat və ya 1,6%, illik müqayisədə isə 232,9 milyon manat və ya 15,6% artımın qeydə alındığını göstərir.
Bundan əlavə, mikro sahibkarlıq subyektlərinə verilmiş kreditlər 3,677 milyard manata çatıb ki, bu da əvvəlki ayla müqayisədə 15,5 milyon manat və ya 0,4%, illik müqayisədə isə 668,6 milyon manat və ya 22,2% artım deməkdir.
Ümumilikdə, 2026-cı ilin martın 1-nə Azərbaycanda bankların kredit portfeli 30,119 milyard manat təşkil edib. Kredit portfelinin strukturunda biznes kreditləri ilə yanaşı, istehlak kreditləri 31,4% (9,467 milyard manat), ipoteka kreditləri isə 15,3% (4,593 milyard manat) paya malik olub.