
Azərbaycanda bankomat əməliyyatlarının dövriyyəsi artıb
2026-cı ilin fevral ayında Azərbaycanda bankomatlar vasitəsilə həyata keçirilən nağd pul çıxarışlarının sayı 12,374 milyon əməliyyat, ümumi məbləği isə 3,049 milyard manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankomat əməliyyatlarının sayı 1,246 milyon və ya 9,1% azalıb, buna baxmayaraq əməliyyatların ümumi həcmi 53 milyon manat və ya 1,8% artım göstərib. Müqayisə üçün qeyd edilir ki, 2025-ci ilin fevral ayında bu göstəricilər 13,620 milyon əməliyyat və 2,996 milyard manat olub.
Hesabat dövründə ödəniş kartlarının sayında artım davam edib. Belə ki, fevral ayının sonuna olan vəziyyətə görə bank sistemi və Azərpoçt MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 minə çatıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 10% artım nümayiş etdirib.