
Azərbaycanda bankların qiymətli kağızlar portfeli artıb
2025-ci ildə Azərbaycanda bankların qiymətli kağızlar portfeli üzrə artım qeydə alınıb.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin sonu ilə müqayisədə portfelin həcmi 2,5 faiz və ya 239 milyon manat artıb.
Məlumata görə, bank sektorunda ümumi aktivlərdə daha sürətli artım müşahidə olunduğu üçün qiymətli kağızlar portfelinin aktivlərdə xüsusi çəkisi azalıb. Belə ki, bu göstərici ötən ilin sonundakı 17,7 faizdən 16,8 faizə enib.
Ümumilikdə, 2025-ci il ərzində bank sektorunun cəmi aktivləri 7,7 faiz və ya 4,1 milyard manat artaraq 57,1 milyard manat təşkil edib. Eyni dövrdə sektorun cəmi öhdəlikləri 7,2 faiz və ya 3,3 milyard manat artaraq 49,7 milyard manata yüksəlib.
Nəticədə, bank sektorunun dərinlik göstəricisi hesab olunan aktivlərin ÜDM-ə nisbəti 2,3 faiz bəndi artaraq 44,2 faiz səviyyəsinə çatıb.