
Azərbaycanda banklar vahid açıq bankçılıq platformasında birləşir - Elmar Didəkənan
Azərbaycanda “Açıq bankçılıq” ekosisteminə Azərpoçt operatoru da daxil olmaqla ümumilikdə 21 bank qoşulub.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan məlumat verib.
Onun sözlərinə görə, “Açıq bankçılıq” sistemi iki əsas komponentdən ibarətdir: məlumatı paylaşan tərəflər və həmin məlumatlardan istifadə edən üçüncü tərəf təchizatçıları.
Bildirilib ki, Azərbaycanda 21 bank ödəniş hesabı xidməti təchizatçıları kimi sistemə məlumat paylaşan tərəf qismində inteqrasiya olunub. Eyni zamanda 8 bank üçüncü tərəf təchizatçı statusunda fəaliyyət göstərir. Bunlara Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Unibank, TuranBank, Bank Respublika, Bank of Baku, Azər-Türk Bank və PAŞA Bank daxildir. Bu banklar öz mobil tətbiqləri vasitəsilə digər banklardakı hesabları inteqrasiya edərək müştərilərə vahid platformadan idarəetmə imkanı yaradır.
Qeyd olunub ki, hazırda digər bankların da sistemə inteqrasiyası üzrə işlər aparılır və yaxın zamanda üçüncü tərəf təchizatçı bankların sayının artacağı gözlənilir.
Eyni zamanda “Açıq bankçılıq” ekosisteminə fintech şirkətlərinin qoşulması prosesi də başlayıb. Hazırda iki elektron pul təşkilatı – GoldenPay-in “Puls” tətbiqi və M-Pay sistemi də açıq bankçılıq infrastrukturuna inteqrasiya olunub.
E.Didəkənan bildirib ki, sistemdə məlumatların ötürülməsi və ödəniş əməliyyatları gücləndirilmiş təhlükəsizlik mexanizmləri əsasında həyata keçirilir. Məlumat mübadiləsi iki faktorlu autentifikasiya və gücləndirilmiş müştəri identifikasiyası prinsiplərinə əsaslanır.
Qeyd edilib ki, istifadəçi öz hesabını digər bankın tətbiqinə qoşmaq istədikdə, sistem onu aid olduğu bankın identifikasiya səhifəsinə yönləndirir və burada PIN-kod, biometrik məlumat və ya digər təsdiqləmə üsulları ilə identifikasiya həyata keçirilir. Ödəniş əməliyyatları zamanı da hər tranzaksiya əlavə autentifikasiya ilə təsdiqlənir.
Bildirilib ki, bu yanaşma “Açıq bankçılıq” çərçivəsində əməliyyatların təhlükəsiz və şəffaf şəkildə icrasını təmin edir.