Azərbaycan ödəniş xidmətləri üzrə regional haba çevrilə bilər - Ramil Mahmudov

Azərbaycan ödəniş xidmətləri üzrə regional haba çevrilə bilər - Ramil Mahmudov

BANK
289

Azərbaycanda ödəniş sistemlərinin beynəlxalq inteqrasiyasının genişləndirilməsi istiqamətində yeni mərhələyə start verilir. Azərbaycan Mərkəzi Bankı (AMB) əsas ticarət tərəfdaşları və turist axınının yüksək olduğu ölkələrlə ödəniş sistemlərinin qarşılıqlı inteqrasiyasını təmin etməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində AMB-nin Ödəniş sistemləri və məhsullarının inkişafı departamenti direktorunun müavini Ramil Mahmudov bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın formalaşdırdığı ödəniş ekosistemi və məhsullarından hazırda həm banklar, həm də fintex şirkətləri fəal istifadə edir.

R.Mahmudov qeyd edib ki, AMB bazara yeni daxil olan iştirakçıları və ödəniş xidməti təminatçılarını Mərkəzi Bankın operatoru olduğu ödəniş sistemlərindən daha aktiv istifadə etməyə çağırır. O bildirib ki, bu istiqamətdə artıq müəyyən nəticələr əldə olunub.

Departament direktorunun müavini vurğulayıb ki, Azərbaycanda qlobal bazarda istifadə olunan demək olar ki, bütün müasir ödəniş həlləri tətbiq edilib. Onun sözlərinə görə, sürətli ödənişlər, hesabdan hesaba köçürmələr və ani ödəniş sistemləri ilə bağlı əsas qlobal trendlər artıq ölkədə reallaşdırılıb.

R.Mahmudov bildirib ki, beynəlxalq təcrübədə fintex şirkətləri bankların rəqibi deyil, ödəniş infrastrukturunun mühüm elementi kimi qiymətləndirilir:

"Fintex şirkətləri ödəniş xidmətləri və məhsullarının istifadəçilərə çatdırılmasında mühüm rol oynayır. AMB isə Azərbaycan bankları və fintex şirkətlərinin hazırladığı ödəniş həllərinin təkcə daxili bazarda deyil, beynəlxalq bazarlarda da təqdim olunması üçün zəruri şərait yaratmağa çalışır. Hazırda sərhədlərarası ödənişlərin inkişafı da daxil olmaqla ödəniş sistemlərinin inteqrasiyası üzrə bir sıra layihələr həyata keçirilir. İlk mərhələdə Azərbaycanın ən fəal ticarət apardığı ölkələr, eləcə də ölkəyə turist axınının yüksək olduğu dövlətlərlə ödəniş sistemlərinin qarşılıqlı inteqrasiyasının təmin edilməsi nəzərdə tutulur."

Departament direktorunun müavini əlavə edib ki, perspektivdə Azərbaycan ödəniş xidmətləri sahəsində regional və qlobal haba çevrilə bilər:

"Bu məqsədə nail olmaq uzunmüddətli proses olsa da, innovasiyaların inkişafı və səmərəli normativ-hüquqi bazanın formalaşdırılması ölkənin bu istiqamətdə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda yeni ödəniş məhsulları və xidmətlərinin tətbiqi müvafiq normativ-hüquqi baza və effektiv tənzimləmə mexanizmləri ilə müşayiət olunmalıdır."

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan ödəniş xidmətləri üzrə regional haba çevrilə bilər - Ramil Mahmudov — Fins.az — Fins.az