
Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi 13,8% artıb
Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala yönəldilən investisiyaların həcmi 9 milyard 295 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin dərc etdiyi "2026-cı ilin yanvar–iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri" hesabatında bildirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% artıb.
Bununla yanaşı, hesabat dövründə qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 5,5% azalaraq 6 milyard 132 milyon manat olub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin ilk altı ayında ölkədə 65 milyard 207 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8% çoxdur.
Hesabatda qeyd olunub ki, iqtisadiyyatın neft-qaz sektorunda yaradılmış əlavə dəyər 19 milyard 610 milyon manat təşkil edib və illik müqayisədə 0,7% azalıb. Qeyri-neft-qaz sektorunda isə əlavə dəyər 1,5% artaraq 45 milyard 596 milyon manata çatıb.
Komitənin məlumatına görə, 2026-cı il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 617 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni tarixi ilə müqayisədə 7,9% azdır.
Eyni zamanda, ölkənin strateji valyuta ehtiyatları 2026-cı il iyulun 1-nə 85 milyard 769 milyon ABŞ dollarına yüksəlib. Bu isə illik müqayisədə 10,4% artım deməkdir.