
Azərbaycan və İƏİT maliyyə sektorunda əməkdaşlığı genişləndirir – Mərkəzi Bank
Azərbaycan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.
Fins.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, Mərkəzi Bankın rəhbərliyi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Avrasiya İdarəsinin rəhbəri Vilyam Tomsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş çərçivəsində Azərbaycan və İƏİT arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə hazırlanmış yeni Konsepsiya sənədinin əhatə edəcəyi istiqamətlər, xüsusilə sığorta, kapital bazarları və investisiya fondları kimi sahələr müzakirə edilib.
İƏİT heyəti tərəfindən qeyd olunan istiqamətlərdə təklif edilən layihələr barədə ətraflı məlumat verilib və layihələrin Mərkəzi Bankın tövsiyəsi əsasında təkmilləşdirilməsinin mümkünlüyü vurğulanıb. Görüşün davamında Mərkəzi Bank rəhbərliyi tərəfindən layihələrin əhatə dairəsi barədə təkliflər ətrafında müzakirələr aparılıb.
Fuad Mədətov
Fins.az