
Asiya İnkişaf Bankı şəhərlərdə iqlim dayanıqlılığı üçün yeni plan açıqlayıb
Sürətli urbanizasiya və iqlim risklərinin artdığı şəraitdə təbiətyönümlü yanaşmaların tətbiqi müasir şəhərlərin dayanıqlı inkişafı üçün əsas zərurətlərdən birinə çevrilib.
Fins.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Sektorlar Departamentinin Su Resursları və Şəhər İnkişafı İdarəsinin direktoru Tzinmin Huanq Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunan “Təbiət üçün əlverişli şəhərlərin yaradılması: mənzil, dayanıqlılıq və şəhərlərin dayanıqlı gələcəyi” adlı sessiyada bildirib.
Onun sözlərinə görə, Asiya İnkişaf Bankı təbiət kapitalına investisiyaların artırılmasını və təbiətyönümlü siyasətlərin inkişafını fəal şəkildə dəstəkləyir.
Tzinmin Huanq xatırladıb ki, iki il əvvəl Bakıda keçirilən COP29 tədbiri çərçivəsində AİB tərəfindən “Təbiətyönümlü Asiya-Sakit okean regionuna doğru” adlı 2024–2030-cu illəri əhatə edən Ekoloji Fəaliyyət Planı təqdim olunub.
O bildirib ki, həmin sənəd şəhərsalma, su təchizatı, nəqliyyat, kənd təsərrüfatı və energetika sahələrində biomüxtəlifliyin qorunması, ətraf mühitin çirklənməsinin azaldılması və iqlim dəyişiklikləri ilə mübarizə üzrə əsas yol xəritəsini müəyyən edir.
AİB rəsmisinin sözlərinə görə, təbiətyönümlü yanaşmalar Asiya şəhərləri üçün artıq alternativ seçim deyil, zəruri inkişaf modelidir.
O vurğulayıb ki, bank şəhərlərdə iqlim dayanıqlılığının gücləndirilməsi, ictimai sağlamlığın yaxşılaşdırılması və yaşayış mühitinin keyfiyyətinin artırılması məqsədilə təbii mexanizmlərə əsaslanan həllərin tətbiqini genişləndirir.
Tzinmin Huanq qeyd edib ki, urbanizasiya prosesinin sürətlənməsi fonunda şəhərlərin daha dayanıqlı və ekoloji baxımdan balanslı inkişafı üçün innovativ yanaşmalara ehtiyac artır.
Qeyd edək ki, Bakıda keçirilən WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, dayanıqlı şəhər inkişafı və yaşıl iqtisadiyyat mövzularına həsr olunub.
182 ölkədən 40 mindən artıq iştirakçının qatıldığı forum mayın 22-dək davam edəcək. Tədbir çərçivəsində şəhər dayanıqlılığı, yaşıl urbanizasiya, rəqəmsal texnologiyalar, sosial inklüzivlik və təmiz enerji sahələrində geniş müzakirələr aparılır.