AİB Azərbaycan bankına kredit ayrılmasını təsdiqləyib

AİB Azərbaycan bankına kredit ayrılmasını təsdiqləyib

BANK
297

Fins.az – Asiya İnkişaf Bankı (AİB) "Bank Respublika"ya 40 milyon ABŞ dolları məbləğində kredit ayrılmasını təsdiqləyib.

Bu barədə bankın yaydığı məlumatda bildirilib.

Məlumata görə, kredit AİB-in adi kapital vəsaitləri hesabına "Azərbaycanın regionlarında mikro, kiçik və orta biznesin maliyyələşməyə çıxışının genişləndirilməsi" layihəsi çərçivəsində təqdim olunacaq.

AİB-dən bildirilib ki, ayrılan maliyyə vəsaiti ölkənin regionlarında fəaliyyət göstərən mikro, kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsinə, paytaxtdan kənarda kredit imkanlarının artırılmasına və özəl sektorun inkişafının dəstəklənməsinə yönəlib.

Qeyd edək ki, "Bank Respublika" 22 may 1992-ci ildə Azərbaycan Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyətə başlayıb. Bank mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini əsas prioritetlərindən biri hesab edir və fəaliyyətini maliyyə xidmətlərinin əlçatanlığının artırılması, məsuliyyətli bankçılıq, risklərin səmərəli idarə olunması və korporativ idarəetmə prinsipləri əsasında qurur.

Bankın son maliyyə hesabatına əsasən, 2025-ci ilin yekunlarında bütün əsas maliyyə göstəriciləri üzrə artım qeydə alınıb. Aktivlər əvvəlki illə müqayisədə 25,2% artaraq 2,73 milyard manata, məcmu kapital 20% artaraq 266,7 milyon manata, kredit portfeli isə 12,4% artaraq 1,65 milyard manata çatıb.

Hesabat dövründə bankın xalis faiz gəlirləri 19,4% artaraq 169,7 milyon manat, xalis əməliyyat mənfəəti 20,3% artaraq 82,3 milyon manat, xalis mənfəəti isə 19,8% yüksələrək 60,6 milyon manat təşkil edib. Bankın depozit portfeli 2025-ci ilin sonuna 1,36 milyard manata çataraq ölkə bankları arasında ən yüksək göstəricilərdən biri olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AİB Azərbaycan bankına kredit ayrılmasını təsdiqləyib — Fins.az — Fins.az