
AİB 2026–2027 üçün “yaşıl ticarət” proqramını təsdiqləyib – Azərbaycan da iştirak edir
Asiya İnkişaf Bankı (AİB) 2026–2027-ci illəri əhatə edən “İnklüziv və yaşıl artım naminə ticarətin inkişafına yardım” adlı altproqramı təsdiqləyib. Proqramın məqsədi inkişaf etməkdə olan ölkələrdə ticarət səmərəliliyinin artırılması və qlobal iqtisadi sistemdə iştirak imkanlarının genişləndirilməsidir.
Fins.az xəbər verir ki, layihədə iştirakçı ölkələr sırasında Azərbaycan da yer alır.
Regional təşəbbüs Asiya və Sakit okean regionunun geniş iqtisadi coğrafiyasını əhatə edir. Buraya Əfqanıstan, Ermənistan, Banqladeş, Çin, Hindistan, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan, Vyetnam və digər ölkələr daxildir.
Altproqramın maliyyələşdirilməsi Texniki Yardım üzrə Xüsusi Fondun 112,5 min ABŞ dolları həcmində vəsaiti, həmçinin Avstraliya hökumətinin 146 866,94 ABŞ dolları məbləğində dəstəyi hesabına təmin olunur.
AİB-in məlumatına görə, bu təşəbbüs təşkilata Ümumdünya Ticarət Təşkilatı çərçivəsində qlobal öhdəliklərin icrasını davam etdirməyə və “Aid for Trade in Asia and the Pacific 2026” hesabatını hazırlamağa imkan verəcək.
Layihə çərçivəsində həmçinin bilik mübadiləsi tədbirlərinin təşkili, analitik materialların hazırlanması, işçi sənədlərin, siyasi icmalların, bloqların və məlumat təhlili alətlərinin hazırlanması nəzərdə tutulur.
Təşəbbüsün əsas hədəfi inkişaf etməkdə olan iqtisadiyyatların ticarət potensialını gücləndirmək və onların qlobal ticarət sisteminə inteqrasiyasını sürətləndirməkdir.