Afrika İnkişaf Bankı şəhər layihələrinin maliyyələşdirilməsi şərtlərini açıqlayıb

Afrika İnkişaf Bankı şəhər layihələrinin maliyyələşdirilməsi şərtlərini açıqlayıb

BANK
201

Ekoloji və sosial təsirlərin investisiya qərarlarında rolu getdikcə artır. Bu barədə Afrika İnkişaf Bankının şəhərsalma və infrastruktur üzrə baş müşaviri Ole Stubdrub Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Şəhər, sənaye və iqlimin kəsişməsində mənzil və binaların karbonsuzlaşdırılması” mövzusunda sessiyada danışıb.

Fins.az xəbər verir ki, Ole Stubdrub bildirib ki, inkişaf bankları üçün layihələrin sosial və ekoloji nəticələri xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xüsusilə əhalinin həssas qruplarına real təsir göstərən təşəbbüslər maliyyələşdirmə baxımından daha üstün qiymətləndirilir.

Bank nümayəndəsi qeyd edib ki, layihələrin geniş miqyasda tətbiqi məsələsi hazırda əsas müzakirə mövzularından biridir. O vurğulayıb ki, bir çox pilot layihələr və effektivliyi təsdiqlənmiş həllər mövcuddur, lakin onların daha böyük həcmdə tətbiqi üçün kifayət qədər investisiya portfeli formalaşdırılmalıdır.

Ole Stubdrubun sözlərinə görə, institusional investorların, xüsusilə pensiya fondlarının marağını cəlb etmək üçün layihələrin ya birləşdirilməsi, ya da bütöv şəhər rayonları səviyyəsində planlaşdırılması vacibdir.

O əlavə edib ki, bu model çərçivəsində infrastruktur layihələri dövlət və ya çoxtərəfli maliyyə institutları tərəfindən dəstəklənə, mənzil layihələri isə özəl sektorun iştirakı ilə həyata keçirilə bilər. Bu yanaşma daha iri və dayanıqlı investisiya paketlərinin formalaşdırılmasına imkan yaradır.

Qeyd edək ki, Bakıda keçirilən WUF13 çərçivəsində şəhərsalma, iqlim dəyişiklikləri, dayanıqlı inkişaf, yaşıl urbanizasiya və mənzil siyasəti ilə bağlı beynəlxalq müzakirələr davam edir. Forumda dövlət qurumları, beynəlxalq təşkilatlar, ekspertlər və maliyyə institutlarının nümayəndələri iştirak edirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Afrika İnkişaf Bankı şəhər layihələrinin maliyyələşdirilməsi şərtlərini açıqlayıb — Fins.az — Fins.az