
ABŞ-dən Azərbaycana fiziki şəxslərin pul köçürmələri 55% artıb
2025-ci ildə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 76,397 milyon ABŞ dolları təşkil edib.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə 15,972 milyon dollar və ya 26,4% artım deməkdir. Hesabat dövründə ABŞ Azərbaycandan xaricə göndərilən pul köçürmələrinin 15,1%-ni təşkil edərək, Türkiyədən sonra ikinci yerdə qərarlaşıb.
Eyni dövrdə ABŞ-dən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 100,718 milyon ABŞ dolları olub ki, bu da 2024-cü illə müqayisədə 35,7 milyon dollar və ya 55% artım deməkdir. Xaricdən Azərbaycana ümumi pul köçürmələrində ABŞ-nin payı 8,6% təşkil edib.
2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin ümumi pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilə nisbətən 21,6 milyon dollar və ya 4,1% azalma deməkdir. Eyni zamanda, xarici ölkələrdən Azərbaycana daxil olan fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 94,1 milyon dollar və ya 8,7% artım göstərir.
Beləliklə, 2025-ci ildə ABŞ və Azərbaycan arasındakı pul köçürmələri həm göndəriş, həm də daxilolma üzrə əhəmiyyətli artım nümayiş etdirib, bu isə iki ölkə arasında maliyyə əlaqələrinin möhkəmlənməsinin göstəricisidir.